Daşkənddə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, “Kitob dunyasi” qəzeti və Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsi ilə birgə komitənin sədri Qənirə Paşayevanın yeni çapdan çıxan “Addım-addım Özbəkistan” kitabının onlayn təqdimatını keçirib.
AzərTAC-ın müxbiri Özbəkistandan xəbər verir ki, təqdimatda Özbəkistanın tanınmış dövlət nümayəndələri, hər iki ölkədən mədəniyyət, ədəbiyyat, elm xadimləri, yazarlar iştirak edib.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq, qardaşlıq, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüşlərin, ikitərəfli əməkdaşlığın inkişafında rolu, Türk Şurasının üzvü olan dövlətlər arasında əlaqələrin günü-gündən inkişaf etdiyi barədə danışıb. O, Qənirə Paşayevanın Azərbaycan və Özbəkistan, ümumən türk dövlətləri və topluluqları arasında dostluq, qardaşlıq bağlarının möhkəmlənməsi istiqamətində fəaliyyəti barədə söhbət açaraq Qənirə xanımın Özbəkistana səfərlərini xatırladıb. S.Abbasov vurğulayıb ki, “Addım-addım Özbəkistan” kitabının əsas hissələri də məhz səfər təəssüratlarıdır. O, kitabın qardaş ölkədə böyük maraq və sevgi ilə qarşılandığını bildirib.
Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən danışaraq kitabın Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin elan etdiyi “Yeni Özbəkistan” çağırışlar və islahatlar hərəkatına böyük bir töhfə olduğunu, Özbəkistanın türk dünyası ölkələri arasında tanıdılmasına xidmət etdiyini söyləyib. Səfir kitabı Özbəkistan ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi yolunda bir lokomotiv kimi xarakterizə edib. O, türk xalqları arasında dostluq əlaqələrinin daha da genişləndirilməsinin və belə layihələrin həyata keçirilməsinin Özbəkistan dövlətinin, ölkə başçısının birbaşa diqqətində olduğunu bildirib.
Səfir Özbəkistanın qardaş Azərbaycanla əlaqələrinin durmadan inkişafından danışaraq Qənirə Paşayevaya Özbəkistan haqqında bu cür əhəmiyyətli töhfəyə görə təşəkkürünü bildirib və onu Özbəkistana yeni səfərə dəvət edib.
Özbəkistan Mədəniyyət Nazirinin köməkçisi, alim Marufcon Yuldaşev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da Qənirə Paşayevanın “Addım–addım Özbəkistan” kitabını yüksək qiymətləndirərək kitabın Özbəkistanda çox sevildiyini, nəşrdə Özbəkistan haqqında heç zaman yazılmayan maraqlı məqamlara toxunulduğunu qeyd ediblər.
Təqdimatda Özbəkistan Milli Elmlər Akademiyası Dil, Ədəbiyyat, Folklor İnstitutunun dosenti Gülnaz Sattarova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru, Universitetdəki Məhəmməd Füzuli adına Azərbaycan Mərkəzinin rəhbəri Gulbahar Aşurova, tanınmış özbək alimi, ədəbiyyatşünas, tərcüməçi Babaxan Şarif, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı, “Azərbaycanın Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Sərvaz Hüseynoğlu çıxış edərək müəllifin Özbəkistana etdiyi səfərlərin təəssüratları və ensiklopedik bilgilər əsasında yazdığı kitabın qardaş ölkənin, Mərkəzi Asiyanın, türk dünyasının aparıcı ölkələrindən olan, zəngin mədəniyyətə və ənənələrə malik Özbəkistan haqqında müfəssəl məlumat verən mənbə olduğunu bildiriblər. Onlar nəşrdə Özbəkistanın Türk Şurasına üzv olması, əməkdaşlıqda yaranan yeni imkanlar, Azərbaycanla əlaqələr, ölkənin regionları, mədəniyyəti, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri haqqında geniş və maraqlı məlumatların əks olunmasını xüsusi qiymətləndiriblər.
Sonda Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan arasında əlaqələrin günü-gündən inkişafından, genişlənməsindən sevinc hissi keçirdiyini və bu istiqamətdə aparılan uğurlu siyasətə görə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevə öz minnətdarlığını bildirib.
Qənirə Paşayeva Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 30 il erməni işğalı altında qalan torpaqlarımızı azad etdiyini, tarixi ədalətin zəfər çaldığını, dağıdılmış şəhər və kəndlərimizin bərpası istiqamətində böyük işlərin həyata keçirildiyini bildirib. O, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilmiş Şuşada möhtəşəm mədəni-ədəbi tədbirlərin gerçəkləşməsi, gələcəkdə Qarabağda keçiriləcək tədbirlərdə türk dünyası ölkələrinin, o cümlədən Özbəkistanın da yaxından iştirakının məmnunluq yaratdığını deyib.
Müəllif kitabın ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan və özbək alimlərinin xidmətlərini xüsusi vurğulayıb, Özbəkistana səfərlərini, çoxsaylı görüşləri, maraqlı tədbirləri dərin məhəbbətlə xatırladığını bildirib. O, səfər zamanı Özbəkistanın hər yerində Azərbaycana, xalqımıza yüksək hörmət gördüyünü, azərbaycanlılara xüsusi qonaqpərvərlik və sevgi göstərildiyini məmnunluqla ifadə edib.
Qənirə Paşayeva qardaş Özbəkistana, onun zəngin tarixinə və mədəniyyətinə böyük maraq göstərdiyini, türk dünyasının aparıcı ölkələrindən olan Özbəkistanla əməkdaşlığın, əlaqələrin daha da genişləndirilməsinin böyük önəm daşıdığını bildirib. Bu istiqamətdə mədəniyyət xadimləri, gənclərimiz, habelə xalq diplomatiyasının xüsusi rolu olduğunu vurğulayan Q.Paşayeva qarşıda həm Azərbaycanda, həm də Özbəkistanda mühüm layihələrin olduğunu söyləyib.