Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək mədəniyyət nazirinin birinci müavini təyin olunub. Azərbaycan Respublikasının yeni mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Adil Kərimliyə həvalə edilib.
Adil Kərimli kimdir? O, 22 oktyabr 1979- cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirərək hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
1999-2001 illərdə Hüquq Ədəbiyyatı Nəşriyyatında hüquq məsləhətçisi vəzifəsində çalışıb. 2001-2003 Bakı Hüquq Mərkəzində Baş hüquq məsləhətçisi işləyib. 2004-cü ildən bu günədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasınln vəkilidir.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub. Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
Evlidir. Ehityatda olan zabitdir.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)