Qədim türk xalqlarının mədəni kodu və irsi olan türk dillərinə dəstək göstərməliyik

 

Türk dünyasının daha sıx inteqrasiyası üçün əmək qoyan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu növbəti addımı atıb. Fondun  prezidenti Günay xanım Əfəndiyeva Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” Fondun açıqlamasına istinadən xəbər verir ki,  görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın ortaq türk irsinin qorunması, bərpası və təbliği istiqamətində çoxşaxəli tədbirlər həyata keçirdiyini bildirib.

Öz növbəsində, Kanıbek Osmonaliyev ölkədə dil siyasətinin təkmilləşdirilməsi, o cümlədən qırğız xalqının mənəvi dəyərlərinin dirçəlişi və inkişafında dövlət dilinin rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər qədim türk xalqlarının mədəni kodu və irsi olan türk dillərinə hərtərəfli dəstəyin vacibliyi barədə yekdil fikir bildirib, həmçinin əməkdaşlıq üçün perspektiv imkanları müzakirə ediblər.

Görüşdə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonəliyev, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerjan Mukaş, “Qırğıztest” Dövlət Qurumunun direktoru Batma Topoeva-Stavinskaya iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.