Rubrikanı Varis aparır
İlin ən qısa günü
Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.
Krossvordun yaranışı günü
1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?
Fənər günü
Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Və digər əlamətdar hadisələr
Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.
2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.
Talesiz rəssamın və bəxtsiz şairin elegiyası
Bu gün mərhum şair və rəssam Adil Mirseyidin 70 illiyidir. Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub, onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Onun barəsində bir azdan ayrıca yazı təqdim edəcəyəm.
Bu gün yazıçı Süleyman Vəliyevin doğum günüdür
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mənə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.
Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
Məşhur opera müğənnisi Əlövsət Sadıqovun da doğum günüdür
Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(21.12.2022)