İstiqlal Muzeyinin Şuşa layihəsində bu dəfə Topxana meşəsi

 

Azərbaycan İstiqlal Muzeyi tərəfindən Şuşa İli çərçivəsində həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində növbəti təqdimat olmuşdur. 

Muzeyin açıqlamasında bildirilir ki, növbəti təqdimat Şuşa təbiətinə gözəllik, zənginlik verən Topxana meşəsinə həsr olunub.

 

Topxana meşəsi həmin meşədir ki, 1988-ci ildə ermənilərin orda ağac kəsməsi nəticəsində ümumxalq hərəkatı başlamışdı. Bu meşə Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sözlə, əsl təbiət möcüzəsi idi. Lakin ermənilər işğal zamanı təbii sərvətlərimizi, meşələrimizi, bağlarımızı da viran qoyublar. 

30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu terrorun başlandığı tarix isə 1988-ci ilin noyabr ayına təsadüf edir. 

Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının tikintisinə başlamaq məqsədilə Topxana meşəsi yandırılıb, nadir ağaclar buldozerlərlə məhv edilib, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpası istiqamətində lazımi tədbirlər görülməkdədir. Topxana meşəsi də istisna deyil.

 

“Ədəbiyyat və incəsənət”

(21.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.