Geniş icmal
Bakı şəhərində Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclası təşkil olunub. Xatırladaq ki, bu komissiyanın birinci iclası 2021-ci il martın 1-də Ankarada keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın həmsədrliyi ilə keçirilən iclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb.
Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edib və rəngarəngliyi ilə fərqlənir: “İşğal altında olan torpaqlarımızın azad olunmasında Türkiyənin əvəzolunmaz rolu var. Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin ilk günlərdən mənəvi və siyasi dəstək verməsi ölkələrimiz arasındakı sarsılmaz birliyin və qardaşlığın təzahürüdür. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işləri aparılır, həmin ərazilərə mədəni həyatında da qaytarılması prosesi gedir. Bu prosesin də həyata keçirilməsində, ilk növbədə, qardaş Türkiyədən misilsiz dəstək göstərilməkdədir. Azad edilmiş ərazilərdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin yardımı xüsusi əhəmiyyət daşıyır”.
Vaqif Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının rəhbərliyi və iradəsi ilə iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir: “Bizim vəzifəmiz bu münasibətlərin daha da möhkəmlənməsinə nail olmaq, əməkdaşlıq əlaqələrini daha yuxarı mərhələlərə çatdırmağa töhfə verməkdir. Bu gün burada bir araya gəlməyimizin əsas səbəbi ötən il martın 1-də Ankarada keçirilən Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ilk iclasının nəticələrini müzakirə etmək və bu istiqamətdə davamlılığa nail olmaqdır. Hər iki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasından ötən müddət ərzində mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Birinci iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir”.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan hər iki qardaş ölkə arasında olan dostluğun kökündən bəhs edib və bildirib ki, son iki il Azərbaycan və Türkiyə arasındakı bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ olub. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. Kinofestivallar, kitab sərgiləri, Azərbaycanda “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər, “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində keçirilən silsilə tədbirlər yaddaqalan olub.
Türkiyəli nazir müavini deyib ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşa şəhərində Azərbaycan və Türkiyənin iştirakı ilə birgə böyük tədbirlər, layihələr həyata keçiriləcək.
Hazırda Türkiyədə tikilməkdə olan kitabxanalardan danışan A.M.Demircan yeni tipli kitabxanaların tikilməsi ilə bağlı Azərbaycana təkliflər təqdim edə biləcəyini söyləyib. O cümlədən maddi və qeyr-maddi mədəni irs sahəsində Türkiyənin təcrübəsini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, bu gün aparılan müzakirələr iki ölkə arasında mədəni əlaqələrin böyük gələcəyindən xəbər verir.
Sonda nazirin birinci müavini Vaqif Əliyev Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərin çoxşaxəliliyini və əhatə dairəsini nəzərə alaraq, yeni protokoldakı maddələri özündə ehtiva edən konkret təkliflərdən ibarət yeni Fəaliyyət Planı üzərində işlərin aparılmasını təklif edib.
Çıxışlardan sonra Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının protokolu imzalanıb.
Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Mədəni irs, kino, muzeyşünaslıq, kitabxanaçılıq, yaradıcı sənayelər, ifaçılıq sənətləri, Beynəlxalq və regional təşkilatlarla əlaqələr çərçivəsində mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə görüləcək birgə işlərlə bağlı maddələr yer alıb.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(20.12.2022)