Kilosu 9 min avroya göbələk, “Milli Bankataptalamaq günü” və qızıl 27 sentyabr Featured

21-30 sentyabrın təqvimi Varisin təqdimatında


21 sentyabr. Beynəlxalq Sülh Günü
BMT 1981-ci ildə dünyanın 192 ölkəsinin səs çoxluğu ilə sentyabr ayının 21-nin “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Bu əlamətdar günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. 21 sentyabr nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.
İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü!” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Baş katib “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır.
Azərbaycan xalqının Beynəlxalq Sülh Gününü qeyd etməsi isə, təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Əslində, bu günümüzdə bir çox böyük, dünya siyasətində söz yiyəsi olan ölkələr sülh sözündən sui-istifadə edirlər. Dağlıq Qarabağda yerləşdirilmiş rus sülhməramlıları da belələrindəndir. Ümid edək ki, “sülh” sözünün əsil mahiyyətini gec-tez hamı başa düşəcək, “sülh” və “işğal” sözləri sinonim kimi işlənməyəcək.

21 sentyabr. Ümumdünya minnətdarlıq günü
Məramı nədir bu günün? Kiməsə sizə elədiyi yaxşılığa görə minnətdarlıq etmək. Bəzən, bu minnətdarlığı qıymırıq, elə bil, xəncərimizin qaşı düşəcək. Bu günsə buna məcburuq. Dünyada pislik edənlər rəsmən yaxşılıq edənlərdən daha çoxdur. İKT-nin misli görünməyən inkişafı müasir insanın xislətini də dəyişib, o daha aqressiv olub. Bu gün özünü başqasına fəda edənlər barmaqla sayılacaq qədər azdırlar. Belə həssas bir zamanda əgər kimsə kiməsə yaxşılıq edirsə, bu artıq sensasiyadır. Niyə bunun qarşılığında bir minnətdarlıq kəlməsi əsirgənilsin ki?

21 sentyabr. “Hamımız afrikalıyıq” günü
İnanılmaz! 2016-cı ilin bugünkü günündə alimlər sensasion bir kəşfə imza atıblar. Onlar insan DNK-sını tədqiq edərək müəyyənləşdiriblər ki, dünyadakı bütün ağ (avropeid) insanlar eyni insan qrupuna məxsusdurlar və bu qrup 50-80 min il əvvəl Afrikadan çıxaraq dünyaya yayılıb. Necə deyərlər, biz hamımız afrikalı imişik.

21 sentyabr.  Düşmənin xeyrinə tarixi saxtalaşdırmaq
Beliz, Malta və üzdəniraq qonşularımız bu gün müstəqillik gününü qeyd edirlər. 1991-ci ilin 21 sentyabrında ermənilərin 94,5 faizi müstəqilliyə, Ermənistanın SSRİ-nin tərkibindən çıxmasına səs veriblər. Düşmən ölkə müstəqilliyi də bizdən qabaq əldə etməsi ilə öyünür, bu dəfə onlar özləri tarixi saxtalaşdırmırlar, biz onların xeyrinə saxtalaşdırırıq. 30 avqustda müstəqillik əldə etdiyimiz halda bu tarixi günü hansısa ambisiyalara qurban verib üstündən sükutla keçir, oktyabrda müstəqillik günü qeyd edirik. Söz tapıb demək belə olmur.

21 sentyabr. Məşhurlarla bağlı gün
Ruslar bu gün Hərbi Şöhrət gününü qeyd edirlər. 1380-ci ilin bu günündə onlar Kulikovo döyüşündə monqol-tatarlar üzərində qələbə qazanıblar. Niderlandda şahzadə, Boliviyada tələbə, Polşada gömrükçü, CAR-da günəbaxan və əlbəttə ki, Birləşmiş Ştatlarda peçenye günüdür. 1949-cu ilin bu günündə Mao-Tse-Dun Çin Xalq Respublikasını elan edib. 1947-ci ildə məşhur Amerika yazıçısı Stiven Kinq, 1866-cı ildə isə məşhur ingilis yazıçısı Herbert Uels dünyaya gəliblər. Bu gün iki Nobel mükafatçısının da doğum günüdür. Fransız mikrobioloq Şarl Nikolun (1866)  və niderland fiziki Xeyke Kamerlinq-Onnesin (1853). Bu gün üstəlik, tanınmış Avstriya pianoçusu Karl Motsartın (Volfqanq Amadey Motsartın oğlu) da dünyaya gəldiyi gündür (1784).
1860-cı ilin bu günündə “Kim ki tənhalığı sevmir, demək, o, azadlığı da sevmir, çünki yalnız tənha ikən azad olmaq mümkündür” söyləyən dünyaşöhrətli alman filosofu Artur Şopenhauer, 1832-ci ilin bu günündə isə dünyaşöhrətli şotland yazıçısı, tarixi roman janrının banisi, “Puritanlar”, “Ayvenqo”, “Kventin Dorvard” kimi romanlarla oxucu qəlbini fəth etmiş Valter Skott dünyalarını dəyişiblər.

22 sentyabr. Avtomobilsizlik günü
World Car Free Day! Əlbəttə, biz azərbaycanlılar üçün avtomobil nəqliyyat vasitəsindən daha çox özünü gözə soxma vasitəsinə çevrilib, bəzilərinin evində əsl avtopark var, onlar hava tutqun olanda bir, günəşli olanda başqa, yayda bu, qışda digər avtomobillərdən istifadə edirlər, işgüzar görüşlərə yollananda istirahətə yollanarkən sürdükləri avtomobili dəyişirlər. Biz elliklə avtomobil sürürük, amma fərqinə varmırıq ki, bu qədər nəqliyyat vasitəsinin istismarı nəticəsində hava hədsiz çirklənir. 1994-cü ildə ekoloq alimlər ilk dəfə həyəcan təbili çalaraq neftlə işləyən daxili yanma mühərrikli avtomobillərin ətraf mühitə vurduqları ziyanın həcmini diqqətə gətirmişlər, beləcə bugünkü simvolik gün meydana çıxmışdır.
Bircə gün heç kəs avtomobilini qarajdan çıxarmır, ya piyada, ya velosipedlə (bəsdirin, velosiped sürənlərə dəvə nalbəndə baxdığı kimi baxdınız) hərəkət edirsiniz. Əvəzində, ciyərlərinizə zəhər dolmur. Əvəzində yaşıllıqlar, su və hava bircə gün təmiz qalır, zəhərə bulaşmır.

22 sentyabr. Payız bərabərliyi günü
Bu gün payızın astronomik başlanğıcıdır.  Autumnal Equinox Day gününün məğzi odur ki, bu gün Günəş tam dəqiqliklə Şərq nöqtəsində doğub tam dəqiqliklə Qərb nöqtəsində batacaq.  Bu gün gündüzlə gecə bərabərləşəcək. Bildiyiniz kimi, bir də martın 22-si belə bir gün olur. Martın 22-sində gecəylə gündüz bərabərləşib yazdan xəbər verirlər, pozitivlik gətirirlər, o gündən etibarən gündüzlər uzanır, gecələr qısalır. Ta ki 22 iyuna qədər. 22 iyun ən uzun gün olur. Sonra gündüzlər qısalmağa, gecələr uzanmağa başlayır. 22 sentyabrdakı bərabərlikdən sonra isə 22 dekabrda bu dəfə ən qısa günə şahidlik edirik. Məğz bax budur.

22 sentyabr. Ümumdünya filləri müdafiə günü və ümumdünya kərkədan günü
Bu gün məhz bu iki heyvanın müdafiəsi günüdürsə, kərkədana əlimiz çatmır, filə nə gəlib, onu təbrik edə bilərik ki. Düzdür, əslində bura Hindistan deyil ki, küçəylə fillər hərəkət etsin, biz də yaxınlaşıb onların xortumuna qənd uzadaq. Amma fil gününü ən azı “Fillər mənim dostumdur” adlı hind filminə təkrar tamaşa etməklə qeyd edə bilərik.
Fillər ən intuisiyalı heyvandırlar, xəbəriniz varmı? Canlılar içində onlar yeganə canlıdırlar ki, öz ölümlərini qabaqcadan duyurlar və bəzən min kilometrlərlə məsafə qət edib fil qəbiristanlığına gedirlər, orada canlarını tapşırırlar. Əslində, bu, təbiətin ən böyük möcüzəsidir, amma indiyədək elm bu möcüzəyə dırnaqarası yanaşıb, onu boş verib.

22 sentyabr. “Əziz gündəlik” günü
İnsanlar ürək sözlərini ən yaxın dostlarına, rəfiqələrinə, doğmalarına etibar etmirlər, amma gündəliklərinə etibar edirlər, düzdürmü? Bizim vaxtlarda gündəlik adlanan, indisə türklərdənkeçmə “not dəftəri” ilə əvəzlənən bu nəsnə ən doğma, ən yaxın varlığa çevrilir onun sahibi üçün. Şəxsən mən altıncı sinifdə oxuyandan gündəlik yazıram, əsl nostaljidir, tutalım, 40 il əvvəlki 22 sentyabrda baş verən günlərı xəyal dünyasında yenidən yaşamaq. 1981-ci il. Həmin ili BMT əlillər ili elan etmişdi. 22 sentyabrda ilk Boing uçuşa hazır vəziyyətə gətirilmişdi. Beliz adlı dövlət müstəqillik əldə etmişdi. Uqandada partizan müharibəsi başlamışdı. SSRİ ilə Türkiyənin ertəsi gün oynayacağı dünya çempionatının seçmə futbol matçını səbirsizliklə gözləmişdik. (O vaxt biz uşaqlar elə bilirdik ki, SSRİ vətən, Türkiyə isə məğlub ediləsi bir rəqibdir). Və Türkiyə 0:4 uduzmuşdu da. Həmin gün Sellincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını oxuyub bitirmişdim. Sumqayıtın 8-ci mikrorayonundakı Ərzaq mağazasında donmuş bolqar toyuğundan ötrü çox uzun növbə yaranmışdı. Ən nəhayət, dostum Əlicavanla boşuna mübahisə edib dalaşmışdıq.
Bu 22 sentyabr günü Fransada xüsusi təmtəraqla qeyd edilir, fransız inqilabının baş tutduğu Vanmeymer ayının ilk günüdür. Latviyada Mişel günü qeyd edilir, Bolqarıstan və Mali müstəqillik, Amerika konusda dondurma gününü qeyd edir.
1980-ci ildə İran-İrak müharibəsi başlayıb, 1955-ci ildə Argentinada hərbi çevriliş olub, 1935-ci ildə SSRİ-də Marşal hərbi rütbəsi təsis edilib, 1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln afroamerika qullarına rəsmən azadlıq verib.

23 sentyabr. Son baharın gəlişi
Çox təəssüf ki, biz azərbaycanlılar bu günü qeyd etmirik, amma dünyanın əksər xalqları üçün son baharın gəlişi əsl bayram hesab edilir. İsti yaydan sonra və soyuq payız ərəfəsində bax bu qısa bir müddət var ki, hava ən ideal halına yetişir, insan hey gəzmək, təbiətə çıxmaq istəyir. Son bahar kədər qarşısında sevincin təslim olması ərəfəsidir, ondan yararlanmamaq insafdan deyil.
Yadıma məşhur fransız müğənni Co Dassenin dillər əzbəri olmuş “Son bahar” mahnısı düşdü.

23 sentyabr. “Məni unutma” günü
Çox romantik bir gündür. Hər ilin sentyabr ayının dördüncü cümə axşamında qeyd edilir. Bu dəfə də məşhur türk müğənnisi Sezen Aksunun “Məni unutma” mahnısını xatırladım. “Məni unutma” kəlmələri ayrılıq zamanı deyilən ən təsirli kəlmələrdir. Sevənlər niyə bir-birinə bunu deyir, onsuz da həqiqi sevgi yaşayıblarsa onlar bir-birinin ruhuna çöküblər, səsinə, baxışlarına, xatırələrinə şöküblər, onsuz da unutmaq mümkün olmayacaq, onsuz da ölmək unutmaqdan daha asan olacaq. Bununla belə, bu kəlmələr vida kəlmələri kimi səslənir, “xoşca qal”, “əlvida” kəlmələrindən sonra əllər bir-birindən qopur və hərə öz səmtinə bir neçə addım atdıqdan sonra son olaraq “məni unutma” deyə səslənirlər. Əgər kimlərsə vəfasızlıq edib unudublarsa da, bu gün unutduqları kəsləri xatırlasınlar, xatırlamasalar günaha batmış olacaqlar.

Hərə öz məhrəm xatirəsi ilə yaşayacaq bu gün. Bu gün fərqli bir gün olacaq.

Bilirim herkes payına düşeni yaşar,
Ve her yeni günde değişir hep bir şeyler,
Sen de kendi payından bir hatıra seç ne olur
O ben olayım beni unutma.


23 sentyabr. Zaman kapsulası günü
1938-ci ildə Nyu-Yorkda Ümumdünya yarmarkası günündə yerə zaman kapsulası basdırılıb, qərara alınıb ki, bu kapsula 5001 il keçəndən sonra – 6939-cu ildə açılsın. Zaman – bizi sürətlə gəncliyimizdən, əvvəlki vərdişlərimizdən, xarakterik xüsusiyyətlərimizdən, dost-tanışlardan, doğmalardan uzaqlaşdıran bir kabusdur əslində, 5001 il sonra insanlar həmin o 83 il əvvəl yerə basdırılmış kapsulanı qazıb çıxaracaqlar, “eh fani dünya” deyib əvvəlki – onu basdıran insanları xatırlayacaqlar. Və 5001 ilin necə keçməsinin, neçə milyard insanın doğulmasının, neçə milyardının vəfat etməsinin, hansı müharibələrin, epidemiyaların, təbii fəlakətlərin baş verməsinin fərqində belə olmadan təntənəli bir törən də keçirəcək, ölümsüz olan zamanın şəninə təriflər qoşacaqlar. Bəlkə 5001 ildən sonra çıxarılası bir kapsula da onlar basdıracaqlar.


23 sentyabr. Müxtəlifliklər günü
Dama günüdür, dama həvəskarları mütləq bu gün vaxt tapıb bir-iki partiya oynasınlar gərək.  Dama ilə arası olmayanlar Beynəlxalq Jestlər Gününün şəninə bir-biriləri ilə jestlərlə danışsınlar. Jestlərlə arası olmayanlar isə Məktəblilərin orta məktəbi bitirməmələri ilə mübarizə gününə öz töhfələrini versinlər, məktəbi atıb avaraçılıqla məşğul olan birisini tapıb onu tənbeh etsinlər. Buna da həvəsi olmayanlar bir teleskop tapıb Günəş sisteminin səkkizinci planeti olan Neptun səmtə baxsınlar, özünü görməsələr belə onu hiss etsinlər, axı 1846-cı ilin bu günkü günündə İoqann Halle Neptunu kəşf edib.
Tarixsevərlər eradan əvvəl 63-cü ildə doğulmuş əzəmətli Roma imperatoru Oktavian Avqustu, fəlsəfəsevərlər isə 1939-cu ildə dünyasını dəyişmiş Ziqmund Freydi yad etsinlər. Freydin aforizmlərindən birini misal gətirmək istədim, amma dördünü gətirəsi oldum:
 İnsan xaricdən nə qədər gözəl olarsa, onun daxili bir o qədər çirkindir.
 Təəssüf ki, boğduğumuz hisslər ölmür. Həmin hisslər içimizdə böyüyərək bizə zərər verməyə başlayır.
 Hər bir insanın başqalarından gizlətdiyi arzular mövcuddur. Hətta özünə etiraf etməyə qorxduğu arzular da var.
 İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir.

24 sentyabr. Beynəlxalq sarvan günü
Haçansa karvanlar vardı, uzandıqca uzanan karvan yolları ilə irəliləyirdilər, onları sarvanlar idarə edirdi. Belə yollardan biri də İpək yolu idi, qədim Azərbaycandan keçib Şərqi Qərbə calayırdı. O vaxtlar karvanlar təkcə məsafə qət etmək vasitəsi deyildi, həm də güvən yeri idi, belə ki, hamı tək yola çıxmaqdansa karvana qoşulmağı üstün tutardı, belədə təhlükələrdən də vaz keçilirdi. Karvan rəmzi məna daşıyırdı, həmrəylik demək idi həm də. Karvanlara ən intuitiv, ən dözümlü, ən cəsur insanlar sarvanlıq edərdi, o vaxtlar indiki kimi deyildi, işə tanışlıqla, rüşvətlə adam götürməzdilər, ona görə də iş həmişə effektli alınırdı.
Bəs niyə sarvan günü sentyabrın 24-də qeyd edilsin ki? 24 sentyabr məşhur Britaniya dəniz səyyahı Adam Uilyamsın doğum günüdür. O, Yaponiya sahillərinə gedib çıxmış ilk avropalıdır. Bir neçə gəmi Sakit okeanla məqsədə doğru irəliləyirmiş, gəmi karvanının sarvanı isə Adam Uilyams imiş.
Bəzən həyatda da sarvanlar olur. Ölkələrin, xalqların sarvanları. Allah hər kəsə yaxşı sarvan bəxş etsin!

24 sentyabr. Azərbycanın məşhur aktrisası Əminə Yusifqızının 85 illik yubileyi
Onun səsi o qədər cazibədardır ki, hər kəsi öz sehrinə sala bilir. Əminə Yusifqızı 1936-cı il sentyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1955-1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Hələ məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1956-1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1964-1975-ci illərdə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Teatrda xeyli oğlan rolları da oynayıb. Aktrisa dublyaj, səsləndirmə sahəsində də fəaliyyət göstərib. Bununla yanaşı, o, bədii qiraət ustası kimi də tanınır. Bax, ən çox da aktrisa bu ampluada sevilir. Bir vaxtlar dövlət konsertlərində onun şeir oxumasını hamı səbirsizliklə gözləmirdimi?
Əminə xanım 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Lena (“Ürək... Ürək...”), Firuzə (“Tənha narın nağılı”), Nadejda İvanova (“Skripkanın sərgüzəşti”), Xidmətçi (“Musiqi müəllimi”), Qaraçı (“Qaraca qız”) və s. bədii filmlərdə və televiziya tamaşalarında çəkilib. 1982-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2010-cu ildə aktrisaya Cəfər Cabbarlı mükafatı verilib. 2016-cı il sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə o, “Şöhrət” ordeni ilə təltif olunub. Bu gün Əminə xanımın günüdür, onu hamılıqla təbrik edək gəlin!

25 sentyabr. Ümumdünya arzular günü
Bəh, bəh! Nə gözəl bir gündür. Xüsusən, arzular ilə reallıq arasında dərin uçurum olan cəmiyyətlərdə insanlar yalnız arzularda xoşbəxt olurlar. Arzularda biz yaxşı iş-güc, mal-dövlət, pul-para yiyəsi oluruq, sevdiklərimizə qovuşuruq, dünyanın gəzməli-görməli yerlərinə gedir, əlçatmaz insanlarla görüşürük, tam azad, tam demokratik bir cəmiyyətdə yaşayırıq.  Arzulamaq günü realda xoşbəxt yaşayan xalqlar üçündür, onların hər şeyi var deyə adi halda arzuları olmur, ildə bir dəfə qeyri-adi bir şeylər arzulamaq xahiş olunur onlardan. Biri pop star olmaq, biri Ginnesin rekordlar kitabına düşmək, biri Marsa uşmaq, biri naməlum adaya düşməyi arzu edir. Bizlər isə onsuz da bütün il boyu arzulayırıq. Kaş benzin, ərzaq, kommunal xərclər daha qalxmaya, kaş bank əmanətlərinin faizi düşə, kaş uşaqpulu verələr, kaş Qarabağ problemi biryolluq bitə, kaş korrupsiyaya son qoyula və s. və i. Bizimçün xüsusi arzulamaq gününə nə lüzum?

25 sentyabr. Ümumdünya çaylar günü
Kür və Araz çayları – Azərbaycan cöğrafiyasının əsas istinadgahları sırasında yer alan iki çay. Üstəlik, Araz - həm də ikiyə bölünmüş Azərbaycanımızın rəmzi. 2005-ci ildən bəri qeyd edilən bu gündə çaylar barədə bilgilərinizi gəlin xatırlayaq. Dünyanın ən uzun çayı Amazondur, 6992 metr uzunluğa malikdir. Nil çayı Afrikanın, Qanq çayı Hindistanın müqəddəs rəmzi hesab edilir və s.

25 sentyabr. Ümumdünya farmasept günü
Bilmirəm, bunun statistikası aparılıbmı, amma biz dünyada ən çox dava-dərmandan istifadə edən xalqlardanıq. Əslində, bu bizim daha çox xəstələnən xalq olmağımızdan irəli gəlmir, bunun başqa səbəbi var. Deyilənə görə, bizim dərman işiylə  məşğul olanlarımız – yəni ölkəmizə dərman gətirənlər halala haram qatırlar, tutalım, hansısa bir dərmanın tərkibində 10 komponent varsa, istehsalçıya deyirlər ki, bunun sayını 5 elə, qoy onu almaq mənə ucuz başa gəlsin. Qazancları ikiqat olsun düşüncəsiylə insanlara qənim kəsilirlər. Nəticədə, dərmanlar xəstələri sağaltmır deyə hey yenidən onlara təlabat yaranır. Bu bir nağıl deyil, reallıqdır.
Gəlin farmasept (türklər demişkən, əczaçı) günündə bu sahədə çalışanlara halallıq arzulayaq.

25 sentyabr. Komikslər günü
Komiks ingiliscə comic — gülməli mənasını verir, hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Komiks özündə eyni zamanda ədəbi və təsviri sənətləri daşıyır. Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerika formatında çıxan komikslər nazik broşürlərdə, gündəlik, əsasən rəngli şəkildə çıxırlar.Yaponiya və Avropa komiksləri həftəlik və ya aylıq jurnallarda seriallar şəklində çıxırlar;Yaponiyada bunlar adətən ağ-qara olurlar.Yaponiya komiks jurnalları yüzlərlə səhifədən ibarət ola bilir. Bizdə geniş yayılmasa da komikslərə dünyada maraq böyükdür. Hətta ən populyar mətbu orqanlar belə  (The Nyu-York Times-də şəxsən öz gözümlə görmüşəm) öz səhifələrində vaxtaşırı komikslərə yer ayırırlar.

25 sentyabr. Göbələk və adadovşanı
Bu gün Avropada göbələk günü kimi də qeyd olunur. İnsanlar meşələrə üz tutub göbələk dərir, dincəlirlər. Meşədən uzaq olanlar isə marketlərdən göbələk alırlar. Günün anlamı odur ki, bu gün hər kəs göbələk yeməlidir. Yəqin məlumatlısınız da, dünyada ən bahalı qida məhsulu məhz göbələkdir, göbələyin trüfel adlanan növüdür. Yerin altında bitən, dünyada çox nadir rast gəlinən, cəmi 3 ay bar verən, xüsusi təlim itləri ilə üzə çıxan bu göbələklər ağ və qara rəngdə olurlar. Ağ trüfel daha bahadır, onun bir kiloqramı 3 min avro dəyərindədir. Amma quraqlıq illərində bu göbələk tam defisitə çevriləndə onun qiyməti daha da kəlləçarxa qalxır. 2012-ci ildə Böyük Britaniyada bir lord ziyafəti üçün bu göbələyin kilosunu 9000 avroya alıblarmış. Bu göbələyin elə bir bihuşedici ətri var ki, narkotik tək adamı cəlb etdiyi söylənilir. Sizi əmin edirəm ki, ayı əti yeyən, milyonluq saat itirən, itinə 78 min funtluq pul xərcləyən həmvətənlərimiz də o göbələkdən dadıblar. Trüfel göbələyi qara kürü kimi qidadan daha çox imtiyaz və dəbdəbə vasitəsi hesab edilir deyə bizə onu görmək də yox, ən yaxşı halda şəklinə baxmaq qismət ola bilər. Buyurub qapaq fotosuna baxa bilərsiniz.
Bu gün həm də Beynəlxalq adadovşanı günüdür. Bu maraqlı canlılar son vaxtlar əsil ev heyvanına çevriliblər, insanlar onları evlərdə saxlayırlar. Onlar da kökdən, kələmdən yeyir, yemək gecikdiriləndə də dibçəkdəki güllərə daraşırlar.
1881-ci ilin bugünkü günündə müasir Çin ədəbiyyatının banisi Lu Sin dünyaya gəlib. 1789-cu ilin bugünkü günündə general Xoser de Ribas Osmanlı qalası olan Hacı-bəyi işğal edərək onun adını Odessaya dəyişib. 1644-cü il danimarkalı astronom Ole Remyerin doğum günüdür, o şəxsin ki, ilk dəfə işığın sürətini ölçüb. 1493-cü ildə Xristofor Kolumb ikinci dəfə Amerikaya üzüb.

25 sentyabr.  Xanlar Haqverdiyevin 115 illiyi
Xanlar Haqverdiyev adı əlbəttə ki, çoxumuza tanış deyil. Musiqi tariximizdə əvəzsiz izlər qoymuş bu şəxs 1906-cı il sentyabr ayının 25-də Ağdam rayonunun Seyidli kəndində anadan olub. 1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsinə daxil olub, Seyid Şuşinskidən klassik muğamlarımızın incəliklərini öyrənib. 1932-1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılanda bu teatrın inkişafında görkəmli aktyor Rza Əfqanlı ilə yanaşı Xanlar Haqverdiyevin də rolu böyük olub. O, türkmən xalqının böyük rəğbətini qazanıb, 1939-cu ildə ona Türkmənistan SSR-nin “Əməkdar artist” fəxri adı verilib.
Xanlar Haqverdiyevin 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak edərək “Sevil”, “Koroğlu” operalarında çıxış etməsi onun şöhrətini birəbeş artırıb.
Musiqili səhnə sənətini inkişaf etdirmək sahəsində göstərdiyi xidmətlərinə görə o, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, keçmiş Sovet İttifaqı respublikalarının fəxri fərmanları ilə, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilib. 1956-cı ildə Azərbaycan SSR-nin “Əməkdar artisti” fəxri adına layiq görülüb. Xanlar Haqverdiyev 1980-ci il dekabr ayının 5-də vəfat edib, ruhu şad olsun.

26 sentyabr. Avropada dillər günü
Avropalıların dil müxtəlifliyini qoruyub saxlamaq, dil tədrisinin inkişafı, hər bir avropalının azı iki dil mənimsəməsi – bütün bunlar sözügedən sahədə prioritet hesab olunur. Hələ orta əsrlərdə azı bir əcnəbi dil bilmək insan elitarlığına dəlalət edirdi. İndi xarici dil bilmək daha da aktuallaşıb, inteqrasiya buna zəmin yaratmaqdadır.
Bu gün qitədə aparıcı dil olaraq ingilis və fransız dilləri hesab edilir, qismən aparıcı dil isə alman dilidir. Situasiyadan asılı olaraq Avropa İttifaqına daxil olan bütün ölkələrin dillərindən də istifadə edilir.

26 sentyabr. Beynəlxalq Lal-Karlar Günü
1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub bu gün. Bu günün hədəfi lal-karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır. Statistikaya görə, dünyada təxminən 650 milyon nəfər, başqa sözlə, hər doqquz nəfərdən biri eşitmə problemlərindən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, onlardan təxminən 328 milyon nəfəri eşitmə qabiliyyətini uşaq vaxtı itirənlərdir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.
Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətəuyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılınc oynadan və rəqqas idi. Məşhur “Pis eşitməklə sarayda heç nəyə nail ola bilməzsən” frazası ona məxsusdur. Tarixdə başqa kar məşhurlar da var. Fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssam Antonio Stanoli, fransız heykəltəraş Klod-Andre Desen, fransız filosof və yazıçı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.
Azərbaycanda da kifayət qədər eşitmə qüsurlu insanlar var. Dövlət tərəfindən lal-kar uşaqların cəmiyyətə inteqrasiyası üçün müəyyən işlər görülür. Azərbaycanda ilk lal-kar məktəbi 1932-ci ildə Bakıda fəaliyyətə başlayıb. 2012-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılıb. Defektoloq ixtisası üzrə müəllimlərə ehtiyac yarandığından 1990-cı ildə N.Tusi adına ADPU-da defektologiya fakültəsi də açılıb.

26 sentyabr. Ümumdünya kontrasepsiya günü
2007-ci ildən başlayaraq Beynəlxalq Ailə Planlaşdırılması Federasiyası başda olmaqla 10 beynəlxalq təşkilatın təşəbbüsü ilə ailə planlaşdırılması ilə bağlı olan belə bir günü qeyd etməyə başlayıblar. Bu gün əsas məqsəd hakimiyyətlərin və ictimaiyyətlərin diqqətini cinsi tərbiyənin çatışmazlığına, kontrasepsiya vasitələrindən istifadəyə yönəltməkdir.

26 sentyabr. Amerikanın bayram kəhkəşanı
Daha bir Ümumdünya sözü ilə epitetlənən hadisə var bu gün - Ümumdünya ətraf mühitin sağlamlığı günü. Təbii ki, ətraf mühitin sağlamlığı bilavasitə insanın sağlamlığı deməkdir. Ekvador milli bayraq gününü qeyd edir. Hindistan qızlar gününü. Kanada xərçəngə tutulanlara dəstək nümayiş etdirir. Yəmənsə İnqilab gününü qeyd edir. O ki qaldı fövqəldövlətə, Amerikada bu gün birdən-birə görün neçə adda bayram var: Conni Əpls günü (Amerika boyu səyahət edib hər yerdə alma toxumları əkən mifik obraz), Milli blinçik günü (ətli, cemli və kəsmikli olurlar), Milli mehribanqonşuluq günü (öz aramızdır, maraqlı təyinatdır, bizlərə də lazımdır), Milli pelmen günü (bizim düşbərənin irisi), Milli laymlı piroq günü (laym yaşıl limondur), Milli yaxşılaşdırılmış səhər naharı günü. Üst-üstə 6 bayram. Hansı sənə xoşdur, qeyd elə özünçün.
1995-ci il 26 sentyabrda Ukrayna Avropa Şurasına daxil edilib. 1969-cu ildə “Bitlz” qrupunun son studiya albomu “Abbey Road” işıq üzü görüb. 1965-ci ildə ukraynalı milyardçı, siyası və ictimai xadim, Ukraynanın 5-ci prezidenti Pyotr Poroşenko doğulub. 1962-ci ildə Yəmən Ərəb Respublikası qurulub. 1960-cı ildə ABŞ tarixində ilk dəfə Kennedi və Nikson arasında prezident seçkisi marafonunda teledebat keçirilib. 1960-cı ildə BMT-nin iclasları tarixində Fidel Kastro ən uzun nitq söyləyib – 4 saat 29 dəqiqə.

27 sentyabr. Azərbaycanda Anım Günü
Təqvimdəki günlər içində bir gün də var ki, bizlərçün çox əzizdir, 30 il məğlub adını daşıyan xalqımızın qalib adına keçid etməsinin təməli həmin gün qoyulub – 27 sentyabr, 2020-ci il. 2 dekabr 2020-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Haqq və Şərəf işimiz olan Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2823 nəfər hərbi qulluqçusu həlak olub. Allah şəhidlərimizə rəhmət eləsin!

27 sentyabr. Beynəlxalq Turizm Günü
1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatları 1970-ci ilin 27 sentyabrında Ümumdünya Turizm Təşkilatı kimi formalaşdı. 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçürülən təşkilat 27 sentyabr - Ümumdünya Turizm Gününü təsis etdi. Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur. 2001-ci il sentyabrın 25-də Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya Turizm Təşkilatının XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv oldu və müstəqil respublikamızda ilk dəfə olaraq hər il 27 sentyabr - Ümumdünya Turizm Günü kimi qeyd olunmağa başlandı. Turizm sahəsi üçün ölkəmizdə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı”, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”, habelə “2010- 2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması böyük əhəmiyyət kəsb edir, onların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təməlinin qoyulması üçün şərait yaratmaqdadır. Bakının daxili şəhəri olan İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi Qobustan, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi YUNESKO-nun dünya mədəni irsi siyahısına salınıb.
Bu gün assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Azərbaycanda turizm sahəsi gün-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəkdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Turizm İşçiləri Günü” peşə bayramının təsis edilməsi haqqında 1 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən, sentyabrın 27-si ölkəmizdə həm də Turizm İşçilərinin Peşə Bayramı kimi qeyd olunur. Bayramınız mübarək, turizm xadimləri deyirik. Və onu da əlavə edirik ki, turizmlə ərəblərin gecə klublarına daşınması heç də eyni anlam kəsb etmir, birincidə milli rifah, ikincidə milli rüsvayçılıq dominantlıq edir.

27 sentyabr. Banka taptalamaq günü
Düşünməyin ki, zarafat edirəm, ABŞ-da belə bir gün qeyd edilir, amerikalılar sentyabrın 27-də içində Fanta, Cola, enerjetik içkilər, pivə və s. olan aluminium bankaları içindəkini içdikdən sonra yerə atıb taptalayırlar, amma çalışırlar ki, bunu incə tərzdə, bankanın ruhu incimədən etsinlər. Əgər bu gün kimsə təsadüfən Amerikada olsa küçələr boyu hamının tappatarap banka əzməsini görəndə əsla təəccüblənməsin. İnsanların problemləri olmayanda həyatdan hər gün bir fərqli cür zövq alırlar.
Amma amerikalıdırsa bir bayramla kifayətlənərmi, kifayətlənməz. Bu gün fövqəldövlətdə Milli mal əti tuşonkası və milli şokoladlı süd günüdür həmçinin.

27 sentyabr. Nobel mükafatının təsis edilməsi
1998-ci ilin bu günündə Google kompaniyası yaranıb, 1990-cı ildə SSRİ İnterpola üzv olub, 1977-ci ildə Çernobıl atom elektrik stansiyası işə salınıb, 1941-ci ildə başıbəlalı Suriya müstəqillik əldə edib, 1939-da nasistlər Varşavanı işğal edib, 1917-ci ildə Lenin “Bolşeviklər hakimiyyəti ələ keçirməlidirlər” adlı məktub yazıb (kaş ki, əli quruyaydı, yazmayaydı), 1895-ci ildə isveçli kimyaçı və sahibkar Alfred Nobel vəsiyyətini yazıb ki, ondan qalan mirasla Nobel mükafatı təsis olunsun (bu miras Bakı nefti hesabına başa gəlmişdi, bunu unutmaq olmaz), 1825-ci ildə Böyük Britaniyada dəmir yolu ilə ilk qatar hərəkət edib, sürəti saatda 24 km olan bu qatar 450 sərnişini daşıyıb. 1821-ci ildə Meksika müstəqillik əldə edib, 1601-ci ildə fransız kralı 13-cü Lüdovik dünyaya gəlib. Bax belə bir gündür 27 sentyabr günü.

28 sentyabr. Ümumdünya quduzluqla mübarizə günü
İnsanlarda və heyvanlarda rast gəlinən bu xəstəliyin ağır fəsadları olur, təkcə Amerikada hər il bu xəstəlikdən 55 min adam vəfat edir, hər 10 dəqiqəyə bir adam. Bu, böyük göstəricidir. Adətən it qapması nəticəsində bu xəstəliyə tutulan insanın müalicəsi əlbəttə mümkündür, amma bu müalicə çox bahadır, xüsusən inkişaf etməkdə olan ölkələrdə quduzluğun müalicəsi çətin alınır. Bu gün Quduzluqla Mübarizə Alyansı dünya ölkələrinə müraciət edir ki, quduzluğa yoluxanların müalicəsinə diqqət ayırsınlar.
Öz aramızdır, Bakıda gecə saatlarında küçələrə hakim olan küçə itləri sürülərini məgər az görmüşük? Adama hücum edərlər, quduzluğa yoluxdurmaq bir yana, parça-parça edərlər. Allah qorusun!

28 sentyabr. “Səfeh sual ver” günü
Bu gün insanlardan bir-birinə səfeh sual vermək tələb olunur, bu, əhval-ruhiyyəni yüksəltməyə, şənlənməyə xidmət edən bir aksiyadır. Səfeh sual kateqoriyasına aid olunan sualları təxmin etmək asandır. Fəlsəfədə belə bir anlam var, səfeh suala səfeh sualla cavab vermək. Maraqlı məntiqdir. Deyilənə görə, bir filosofa “Hansı arılar süd verir” sualı ünvanlananda o, “Bəs hansı inəklər bal verir” sualını cavab olaraq söyləyib. Bəşər tarixində ən səfeh sual isə ABŞ-da bir internet forumunda qeydə alınıb. Bir iştirakçı belə bir sual ünvanlayıb: “Əgər mən özümü yesəm, kilom iki dəfə artar, yoxsa yox olaram?”
Bəzən ən yüksək kürsülərdən ən yüksək çinli insanlar elə suallar səsləndirirlər ki, heç insan qəsdən səfeh sual vermək istəyəndə səfehlik dərəcəsi bu qədər yüksək ola bilmir. Elə bizim parlamentdə bu sayaq sualları eşitməyə bir növ adətkərdəyik. Çox dərinə getməyək amma.

28 sentyabr. Konfutsi günü
Çin tarixi ilə Konfutsinin ad günü səkkizinci Ay ayının 27-ci gününə təsadüf edir, o da bu gündür. Bu müdrik filosofun günündə ən azı onun dillər əzbəri olmuş müdrik kəlamlarını xatırlamaq yerinə düşər. Məsələn, “Heç nə nə gec olur, nə də tez. Hər şey vaxtında olur”. Gözəl deyib, deyilmi? Yaxud, “Zaman pula bənzəyir – lazımsız yerə xərcləməsən hər şeyə çatar”. Birini də deyimmi? “Kamil insan gözəl söz deyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır”. Yaxşı, birini də deyim, yekunlaşdırım: ”Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir.” Konfutsinin ən çox yaylan və təqdir edilən fikri isə yəqin ki, bilirsiniz, budur: “Qaranlığı günahlandırmaqdansa bir şam yandır”.
Bizə bəzən məhz bu çatışmır: Qaranlıqda bir şam yandırmaq!

28 sentyabr. Bu günə təsadüf edən əlamətdar hadisələr
Aclıqdan azad olunma günü. Daha çox Afrikada aclıqdan əziyyət çəkən insanlara dəstək məqsədini güdür. Beynəlxalq təhlükəsiz abort günü. Ev şəraitində riskli abortlar əleyhinə yönəli bir gündür. Beynəlxalq informasiyaya çatma günü. Məqsəd odur ki, hər bir insanın informasiyanı axtarmaq, tapmaq və yaymaq hüququna malik olması tanınsın. Simxat Tora günü. Yəhudi bayramıdır, Tövratın kütləvi oxunmasının illik siklinin başa çatması və yeni siklin başlamasını özündə ehtiva edir. Lombard günü. 1618-ci ildə Brüsseldə ilk lombardın açılması şərəfinədir. Bricit Bordo günü. 1934-cü ildə dünyanın seks simvolu adlandırılan fransız aktrisanın dünyaya gəlməsi şərəfinədir. Marçello Mastroyani günü. Bu isə dünyaşöhrətli italyan aktyorun 1924-cü ildə doğulması şərəfinədir.
Amerikanın da bu gün öz əlamətdar hadisələri var: Oğullar günü. İctimai torpaqlar günü. Yeyib-içmək də öz yerində: Uşaqlarla nahar eləmək günü. Çiyələk cemli piroq günü. Və ən nəhayət, Pivə içmək günü.

29 sentyabr. Ümumdünya ürək günü
World Heart Day. 70 il ərzində insan ürəyi 2 500 000 000 dəfə açılıb yumulur, hər açılıb yumulma zamanı arteriyaya 70-80 ml qan ötürür. Hər 12 zərbə bir litr qan deməkdir. Bu minvalla insan ürəyinin 70 il ərzində vurduğu qanla 3500 standart dəmiryolu sisternini doldurmaq mümkündür. Onu da nəzərə alın ki, fiziki gərginlik zamanı bu nəticələr 4-5 dəfə artmış olur. İnsan ürəyi çox zəhmətkeşdir, yetər ki, onu incitməyək, qayğısına qalaq. Bu gün məhz ictimaiyyətin fikrini ürək xəstəliklərinə yönəltmək məqsədi güdülür. Ürəyin əsas düşmənləri arterial təzyiq, qanda xolesterinin artması, artıq çəki, tütün və stresslərdir.

29 sentyabr. Qəhvə günü
Dünyanın əksər ölkələrində bu gün milli qəhvə günü kimi qeyd edilir. ABŞ isə bu gün həm milli qəhvə gününü, üstəlik də, milli Mokkaçino qəhvəsi gününü qeyd edir. Qəhvə çayla bərabər dünyada ən geniş yayılmış içkidir, normada qəbul edildikdə ürək-damar sisteminə fayda verir, yorğunluq və stresi aradan qaldırır.
İlk dəfə qəhvə Afrikada - Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunub. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilib. Yəmənin cənub qərb hissəsində becərilib. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünyada 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir. Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.
Dünyada ən məşhur qəhvə hazırlanma növləri amerikano, kappuçino, espresso, late ilə yanaşı həm də türk qəhvəsi hesab edilir. 1517-ci ildə Yavuz Sultan Səlimin dövründə türkəsilli Özdəmir paşa Yəməndə içdiyi və çox sevdiyi qəhvəni İstanbula gətirməklə qəhvəni Avropaya ilk gətirən şəxs kimi tarixə düşüb. Bu gün həmən qəhvə için, nuş olsun!

29 sentyabr. Mikkelancelo və Zolya
1913-cü ilin bu günündə alman mühəndisi Rudolf  Dizel – o şəxs ki dizel yanacağını kəşf edib, dünyadan köçüb. 1902-ci ildə məşhur fransız yazıçı Emil Zolya vəfat edib. 1897-ci ilin bu günündə Buenos-Ayresin Olimpo teatrında ilk dəfə tanqo ifa edilib. 1789-cu ildə ABŞ konqresi Amerika ordusunun yaradılması haqda qərar verib. 1571-ci ildə dünyaşöhrətli italyan rəssam Mikkelancelo dünyaya gəlib.

30 sentyabr. Ümumdünya dəniz günü
Beynəlxalq dəniz təşkilatı (İMO) belə bir günü təqvimə salmağı təklif edib, BMT bu təklifi dəstəkləyib, biz də bir dəniz ölkəsi olmaqla bu günü qeyd etməliyik. Bu günü qeyd etməyin məğzi odur ki, su hövzələrinin çirkləndirilməsinin, qlobal istiləşmənin və balıqların kütləvi ovlanmasının dənizə necə böyük ziyan vurmasına diqqət cəlb edilsin. Planetin 70 faizi su ilə örtülüb. Yosunlardan ta ki mavi delfinlərəcən bütün dəniz canlılarının biokütləsi planetin bütün canlı orqanizmlərinin 90 faizini təşkil edir, təsəvvür edirsiniz, bu nə deməkdir?
Dənizləri gözləyən təhlükə get-gedə artmaqdadır. Hər il 21 milyon barel neft dəniz və okeanlara axıdılır. Son 100 il ərzində tunes, treska, marlin kimi qiymətli balıqların 90 faizi tamamilə ovlanıb. Su hövzələrinə atılan sintetik tullantılar hər il milyonlarla dəniz quşlarının məhvinə səbəb olur. Elə öz Xəzərimizi götürək. Neftlə çirklənir, çirkab sularla çirklənir, flora və faunası məhv olur, brakonyerlər nərə balığının kökünü kəsir. Gəlin bu gün ən azı gedib Xəzərin sahilini zir-zibildən təmizləyək, nə olar. Xəncərimizin qaşı düşməz ki.


30 sentyabr. Beynəlxalq tərcüməçi günü
Bir dildən digər dilə mətn tərcüməsi əsl incəsənət nümunəsidir. Tarixə görə, Vavilon süqut edəndə insan həyatına yeni bir ehtiyac daxil oldu – müxtəlif xalqlar arasında anlaşma. Tərcümə tək ünsiyyətin deyil, həm də ədəbiyyatın, kinonun aparıcı lokomotividir, təsadüfi deyil ki, Puşkin bir vaxtlar deyib, tərcüməçilər – inkişafın poçt atlarıdır. 1991-ci ildə Beynəlxalq Tərcüməçilər Federasiyasının təklifi ilə bu gün təqvimə salınıb. 30 sentyabr - müasir xristian kilsəsinin dörd yaradıcı atasından biri sayılan latın İerodim Stridonskinin doğum günüdür. O, dövrünün tanınmış tərcüməçisi hesab olunurmuş həm də.
Bir dəfə bir rus filmini dilimizə dublyaj etmişdilər, obrazlardan biri “Vot qde zarıta sobaka” demişdi, hərfi mənası “gör it harda gizlənib” olan bu frazeoloji birləşmə “sən demə, məsələnin məğzi bu imiş” kimi məna verir. Səsləndirmədə isə bunun mahiyyətinə varmadan “gör it harda gizlənib” söyləyib gülünc bir situasiya yaratmışdılar. Yaxud da, bir dəfə bir qəzetdə Kapustin soyadlı rus hərbçisinin soyadı Kələmov kimi tərcümə edilmişdi. Bax bu isə tərcümə adına ləkədir.

30 sentyabr. ”Sehirli fleyta”dan BBC-yədək
Bu gün Extra Virgin günüdür, birinci sıxım Zeytun yağı günü yəni. Polşada oğlanlar, Kanadada narıncı köynək, ABŞ-da isə həm milli saqqız günüdür, həm də ədvalı alma sidri günüdür. 1954-cü ilin bu günündə dünyada ilk atom sualtı gəmisi olan Naitilus (ABŞ) suya buraxılmışdır. 1946-ci ildə Nürnberq tribunalında nasist cinayətkarlara ilk hökm çıxarılmışdır. 1929-cu ildə BBC ilk teletranslyasiya həyata keçirmişdir. 1791-ci ildə Vyanada Motsartın sonuncu operası olan “Sehirli fleyta”nın premyerası baş tutmuşdur.

30 sentyabrın şeir payı
Budur, daha bir aya əlvida deyirik. Bir göz qırpımında keçən ömrün hər il bir dayanacağı hesab olunursa, hər ay bu dayanacağa qədər olan on iki addımlıq yolun bir addımıdır.
Bu gün həm də 38 yaşında avtoqəzada vaxtsız dünyadan köçən şair Vaqif İbrahimin doğum günüdür.
Bir gün bahar gəlib keçsə yanımdan,
Qışın buz inadı qırılacaqdır.
Yazbaşı şamlar da öz qar qınından
Yaşıl qılınc kimi sıyrılacaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.