Dekabrın 12-də Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor bildirib ki, 12 dekabr tarixində Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Direktor vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sabitlik yaratdı, hərc-mərcliyə, xaosa son qoydu və quruculuq mərhələsi başladı.
Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan natiq, onun həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısını da qeyd edib. Vurğulayıb ki, Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə – yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və ciddi çətinliklər dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.
O söyləyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin irsinin təbliği istiqamətində Milli Kitabxananın da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyən direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı, Müstəqil Azərbaycan Dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.
Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxış edərək bildirib ki, qədirbilən xalqımız 12 dekabrı tarixə öz adını əbədi həkk etmiş, dahi siyasi xadim olan, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olan Ulu öndər daim ölkəni irəliyə aparmaq uğrunda çalışıb.
Direktor müavini qeyd edib ki, bildiyimiz kimi 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və Cənab Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib və Azərbaycan Milli Kitabxanası da ilə töhfə olaraq çoxsaylı layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunub.
Sonda Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə xalqımızın böyük oğlunun xatirəsi bir daha yad edilib.
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)