2023-cü ildə Şuşada keçiriləcək tədbirlər özünəməxsusluğu ilə seçiləcək

 

Bursada keçirilən təntənəli tədbirlə “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Türkiyənin qədim şəhəri olan Bursadan Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya təhvil verildi. Həm bir azərbaycanlı olaraq, həm də Şuşanı təmsil edən rəsmi şəxs olaraq çox qürurluyam. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib. 

Gələcək il Azərbaycanın qədim şəhəri olan Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” olacağını xatırladan Aydın Kərimov deyib: “Bu baxımdan gözlənilən tədbirlər hazırda dəyərləndirilir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bu il Bursa çox möhtəşəm, maraqlı tədbirlərlə yadda qaldı. Bunlar bizim üçün dəyərli bir nümunə ola bilər. Bu baxımdan Bursa şəhərində 2022-ci ildə keçirilən tədbirlərin təcrübəsinin öyrənilməsi də mümkündür. Lakin, düşünürəm ki, Şuşada bu tədbirlər özünəməxsusluğu ilə seçiləcək. Çox maraqlı tədbirlərin keçirilməsi gözlənilir və biz buna var gücümüzlə hazırlaşacağıq. Bizim türk dünyasından olan bütün dost və qardaş ölkələrimizin nümayəndələrini Şuşada salamlamaqdan çox böyük qürur hissi keçirəcəyik. Onu da qeyd etmək istərdim ki, Bursada baş tutan bağlanış günlərində Şuşa Günlərinin keçirilməsi də çox simvolik bir hadisədir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan bu tədbirlərdə Şuşanın mədəni-mənəvi irsinin ilkin təbliğinin baş tutduğunu da düşünürəm”.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.