20 sentyabr. Neftçilər Günü
Bu gün Azərbaycanda ən böyük bayramlardan biri qeyd olunur - Neftçilər Günü. 2001-ci ildə Heydər Əliyevin Sərəncamı ilə 20 sentyabr “Neftçilər Günü” elan olunub. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün “Əsrin müqaviləsi” adı ilə tanınmış neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlar idi: “AMOKO”, “Yunokal”, “Pennzoyl” (ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl” (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerada Hess” (ABŞ) şirkətləri də qoşuldu. Bu müqavilə Azərbaycanın neft və iqtisadiyyat tarixinin yeni səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur xarici neft şirkətləri ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neftqaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 13-də isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirildi. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə verildi. Qeyd edim ki, bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək gücündədir.
Xalqlar vardır ki, onların əsas kapitalı təbii ehtiyatları, iqtisadi gücüdür. Biz azərbaycanlıların əsas kapitalı neftdir. Qara qızıl adlanan bu nəsnə Azərbaycanın movcudiyyat simvoludur. Xalqlar da var ki, onların ən əsas kapitalı insan kapitalıdır.
20 sentyabr. Professor Kamil Balakişiyevin 115 illiyi
Kamil Əbdülsalam oğlu Balakişiyev Abşeronun Novxanı kəndinin Azərbaycana bəxş etdiyi daha bir görkəmli şəxsiyyətdir. 1906-cı il sentyabr ayının 20-də anadan olmuş, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tibb fakültəsində təhsil almış, . beşinci kurs tələbəsi olarkən öz müəllimi A.Valenkaya ilə birlikdə “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti yazmış, XX əsrin 30-cu illərinin əvvəllərində artıq silsilə dərslik və dərs vəsaitləri müəllifi kimi tanınmış bu şəxs həqiqətən böyük ziyalı olub, 24 yaşında artıq dosent elmi adına layiq görülüb. 1935-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi, 1936-cı ildə tibb elmləri doktoru, 1938-ci ildə isə professor elmi dərəcəsi qazanıb. Onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilib. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da Kamil Balakişiyevə adı ilə bağlıdır.
Kamil Balakişiyev 1973-cü il noyabr ayının 22-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ruhu şad olsun!
20 sentyabr. Təbiətin və canlıların həmrəyliyi
Bu gün “Özünün ev heyvanını sev” günüdür. Onsuz da insanlar öz ev heyvanlarını sevirlər, ancaq hərdən biri pişiyə təpik vurur, eşşəyi qamşılayır, itə daş tolazlayır, toyuğu hasara çıxartdırır. Bax bunlar olmaz. Bu gün bunları etmək qadağandır.
Bu gün yəhudilər Sukkot bayramını qeyd edəcəklər, yəhudi yeni ilinin 15-ci günü qeyd edilən bu bayram 7 gün davam edir, məğzi də budur ki, torpaq əkib-becərənlər məhsulu yığıb bitirib bu gündən etibarən ta ki ilk yağışlara qədər dincələ biləcəklər. Sukka sözü dilimizə koma kimi tərcümə olunur, necə ki koma insanı soyuqdan, istidən qoruyur, eləcə də soyuq dövrlər üçün topladığı ərzaq ehtiyatı insanı ac qalmaqdan xilas edir yəni.
20 sentyabr. Astroloq Hacıbəy Sultanovun 100 illiyi
Bu gün daha bir işıqlı azərbaycanlının yubileyidir. Bakının Şağan kəndində doğulan, Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941- 1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olundu, 1946-cı ildə ordudan tərxis edildikdən sonra Azərbaycan Dövlət Universitetinin Astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başladı. 1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası təşkil ediləndə H.Sultanov onun ilk direktoru oldu. Ömrünün sonunadək orada çalışdı. 1967-ci ildə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdi. 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçildi,1976-1981-ci illərdə Azərbaycan EA-nın vitse-prezidenti vəzifəsini də icra etdi.
Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılıb, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilib. Alimin elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. Asteroidlərin mənşəyinə dair o, riyazi nəzəriyyənin qurulması istiqamətində orijinal işlər yerinə yetirib. H.Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilib, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən o, “Şöhrət” ordeni ilə təltif edilib. Hacıbəy Sultanov 2008-ci il mart ayının 5-də vəfat edib, ruhu şad olsun!
20 sentyabr. Yay İsanın əhvalatı
Bu günə çoxlu mətbəx bayramları düşür. Böyük Britaniyada qızardılmış düşbərə, Monqolustanda qəhvə, gözünə döndüyüm Amerikada paperoni ilə pitsa, üstəlik, romlu punş, üstəlik Keso Blanko pendiri günləridir. Hələ bunlar azmış kimi, bir də omlet, bizim dilcə desək, qayğanaq günüdür. Qayğanaq məişətimizin əsas atributlarından olan yumurtanın hesabına hasil olduğu üçün yumurta ilə bağlı sizə bir məzəli əhvalat danışım. Qazax rayonu Gürcüstanla həmsərhəd olduğundan dədə-baba dövründən qazaxlılar öz kənd təsərrüfatı məhsullarını aparıb Tiflis bazarında satarmışlar. Rəhmətlik nənəmin Bastafa adlı bir rəfiqəsi var imiş. Həyat yoldaşını da Yay İsa deyə çağırırlarmış. Kişinin qaməti oxun yayı kimi əyriymiş deyə. Bastafa arvad özü heç vaxt Tiflis bazarına getməzmiş, ərzağını nənəmə verərmiş ki, özününküləri satanda onunkularını da satsın. Nə başınızı ağrıdım, bir dəfə nənəm bərk naxoşlayır, Tiflisə gedə bilmir. Bastafa arvad naəlac qalıb toyuqlarının altından yığdığı bir vedrə yumurtanı Tiflis bazarına özü aparası olur. Yerə döşənib vedrəsini də qabağına qoyur. Hər yaxınlaşan ondan “poçyom yaysa” (yumurta neçəyədir) deyə soruşur, o da hamıya “yaxşıdır, a başına dönüm” cavabını verir. Beləcə axşama kimi arvad bircə yumurta belə sata bilməyib kor-peşman evə qayıdır. Nənəm ondan alverinin necə keçdiyini soruşanda da deyir ki, başı batmışların bircəciyi yumurta almadı, amma yetən Yay İsanı soruşurdu.
20 sentyabrın şeir payı |
Burda... hər yağan qarla üşüyür
Yetim sevdaların yalın ayaqları.
Burda... hər açılan səhər yenidən doğur
sonsuz qaranlıqları, əbədi ayrılıqları.
Burda... analar döşləriylə ölümü əmizdirir,
layla oxuyurlar övladlarının son nəfəsinə.
Burda... nəhəng başdaşları ucalır
qətlə yetirilmiş arzuların xatirəsinə.
Burda... anaların çiynində gedir
oğul tabutları...
Burda ünvanına yetişmir
kirlənməmiş sevgi məktubları...
Elçin Mirzəbəyli
Varisin “11-20 aentyabrın təqvimi” yazısından