Nazirlik “Şuşa yaradıcılıq emalatxanası” layihəsini yekunlaşdırıb

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə birlikdə reallaşan “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsinə yekun vurulub. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin yekun tədbiri Beynəlxalq Muğam Mərkəzində keçirilib. 

Əvvəlcə qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış olublar. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənib. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri maraqla qarşılanıb.

Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açıb. Bildirib ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.

Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini diqqətə çatdırıb: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini bildirib: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk yutuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olunub. 

Tədbir konsert proqramı ilə davam edib. 

Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası maraqla qarşılanıb. 

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində gerçəkləşən “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəliblər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.