Prezident İlham Əliyev: Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur

Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.

AzərTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 9-da Bakıda işə başlayan Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb. 

Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.