“YAŞAT” həqiqətən də yaşadır! Featured

 

“YAŞAT” Fonduna iki ildə 76 milyon manata yaxın vəsait toplanıb

 

Ötən gün “YAŞAT” Fondunun yaradılmasından iki il ötdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə təsis edilən “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

 

Bəs “YAŞAT” Fondu bu iki ildə hansı işlər görüb?  “Ədəbiyyat və incəsənət” sizlər üçün bu sualı məmnuniyyətlə cavablandırır. Rəqəmlərə diqqət edək. Bu günədək “YAŞAT” Fonduna 75 milyon 846 min 318 manat 85 qəpik vəsait toplanıb. Həmin vəsaitin 71 milyon 612 min 351 manat 53 qəpiyi Fondun fəaliyyət istiqamətləri üzrə xərclənib. Bildirilib ki, “YAŞAT” Fondunun dörd fəaliyyət istiqaməti var və toplanan vəsaitin 41 milyon 42 min 300 manatı məişət şəraitinin yaxşılaşdırılması, 22 milyon 449 min 998 manat 4 qəpiyi müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, 6 milyon 772 min 442 manat 30 qəpiyi istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 1 milyon 347 min 611 manat 19 qəpiyi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə sərf olunub. Qalıq məbləğ isə 4 milyon 233 min 967 manat 32 qəpikdir. 

Fondun əməkdaşları 3 min 4 şəhidin ailə üzvləri, həmçinin 6 min 230 yaralı olmaqla 17 min 670 şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. Onlardan 14 min 744 şəxsin 35 min 175 müraciəti icra üçün öhdəliyə götürülüb. Ümumilikdə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 15 min 694, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 12 min 253, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 2 min 198, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə isə 432 müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 min 392 manat 73 qəpik borc ləğv edilib. Həmçinin Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 492 min 581 manat 99 qəpik vəsait qarşılanıb.

Ötən müddət ərzində 184 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi qardaş ölkədə davam edir.

Həyata keçirilən layihələrdən biri də 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn şəhid övladları ilə əlaqədardır. “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş 104 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Həmçinin hər iki valideynini itirən 7 şəhid övladının da adına 5 min AZN məbləğində depozit hesabı açılıb ki, onların sırasına Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.