19 sentyabr. Mona Lizanın yaranışı günü
Sabah bazar günü olduğundan sabahkı təqvimə də bu gün nəzər salmağımız gərəkiyir. Və əlbəttə ki, sabahkı günün təqviminə baxarkən, 1478-ci ilin 19 sentyabrı – dünyanın ən məşhur, ən qiymətli və ən sirli portreti olan “Mona Liza”nın (“Cokonda”nın) yaranışı gününü xüsusən qeyd etməliyik. Həmin gün dünyaşöhrətli italyan rəssam Leonardo da Vinçi aylarla üzərində işlədiyi rəsmi bitirib, dərindən ah çəkib, fırçanı kənara qoyaraq belini dikəldib və “Nəhayət ki” deyərək qışqırıb. 543 ildir ki, bu əsər insanları heyran edir, təəccübləndirir, öz sehirli aurasına çəkir. Əsl sənət bax budur!
19 sentyabr. Silahçı günü
Silahçılar məhdud peşə sahibləridir. Bu günün təqvimə salınmasını xristianlar onunla əsas gətirirlər ki, Pravoslav kilsəsinin arxangeli Mixail – hava döyüşlərinin himayədarı məhz 19 sentyabrda doğulub. İstənilən epitetləri bir kənara qoysaq, deyə bilərik ki, silahçılar – ölüm gətirənlərdir. Yeri gəlmişkən, bizdə Müdafiə Sənayesi Nazirliyi var, biz də silah istehsal edənlər cərgəsindəyik, amma bizə silah hücum üçün, işğal üçün deyil, müdafiə üçün lazım olur, ona görə də, olsun ki, bizimkilərə təbrik düşür.
Bununla belə, arzum odur ki, elə bir gün gəlsin, dünyada sülh bərqərar olsun, bütün silahlar paslansınlar, silah istehsal edənlər öz hesablarına əbədi məzuniyyətə göndərilsinlər, 19 sentyabr daha qeyd edilməsin, arxangel Mixailin də goru çatlasın.
19 sentyabr. Meşə işçisi günü
Belə bir gün 1966-cı ildən SSRİ-də qeyd olunurdu, indi də SSRİ-dən qopan respublikalarda qeyd olunmaqdadır. Ukrayna, Rusiya, Belarus və Qirğızıstanda daha geniş anlamda – ekoloji bayram kimi qeyd olunur hətta. Meşə insana təbiət tərəfindən verilmiş su hövzələri qədər vacib olan bir nemətdir, o, bütün planetin qəlbidir, mühafizəsidir, xilasıdır. Bu yaxınlarda Türkiyədə meşə yanğınları, bir xatırlayın, bizləri nə qədər üzdü.
Meşə işçisi deyəndə yadımıza kim düşür? Təbii ki, meşəbəyi. Ağac doğrayanlara, ov ovlayıb quş quşlayanlara qənim kəsilən meşəbəyi təbiətən cəsur, qorxubilməz olur, əli silahlı brakonyerin üstünə getmək cəsarəti sizə xırda görünməsin. Gəlin bu gün bu fədakar insanları alqışlayaq, şənlərinə bir “Meşəbəyi” mahnısı oxuyaq. Sözləri xalq şairi Hüseyn Arifə, musiqisi xalqa məxsus olan, Teymur Mustafayevin şövqlə ifa etdiyi həmin mahnının sözləri insanı nikbinliyə yükləyir.
Meşədə istirahət edən dəstəyə qoşulan ağsaqqal meşəbəyi onlarla bəs deyincəyə qədər yeyib-içir.
Kef üstündə kefimizi
Gəlib, sordu meşəbəyi.
- Buyur! - dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.
Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.
Axırda da cuşa gələn meşəbəyi hətta bunu da edir:
İsti kabab, təzə fətir.
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib burdu meşəbəyi.
Altmışını verib yelə,
Düşməyibdir ruhdan hələ.
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.
19 sentyabr. Smaylın yarandığı gün
İndi bir mesajlaşmalarımıza baxın. Gülən, ağlayan, təəccüblənən, qəzəblənən smaylları elə hey bir-birimizə yollayırıq. Ancaq bilirikmi ki, bu smaylların yaranma tarixi haçandır? 1982-ci ilin bugünkü tarixində, saat 11:44-də Amerikadakı Karnegi Mellon Universitetinin professoru Skott Falman kolleqalarının elektron poçtuna gülümsəyən smayl göndərdi, təklif etdi ki, gəlin bundan sonra bir-birimizlə elektron zarafatlaşma zamanı bu işarədən istifadə edək. Dedi, görün bu işarə necə də gülən adamı təcəssüm etdirir. Beləcə, gülümsəyən smayl gündəmə girdi, ardınca digər smaylları istifadəyə buraxmaq artıq texniki iş oldu. Əziz oxucularım, təki aldığınız smayllar yalnız gülümsər olsunlar!
19 sentyabr. Təzadlı bir bayram
Bu günü dünya Beynəlxalq Pirat Günü kimi qeyd edir, xəbəriniz var? Bu, yarızarafat, yarıciddi bir qeydetmədir, 3-cü minillikdə hələ də dənizdə gəmi ovlayan bu qədim peşə sahiblərini humanitar təsisatlar utandırmaq istəyərək onlar üçün təqvimə məxsusi bir gün salıblar, deyirlər, bəsdir, həvəsdir. Amma inanırsınız, məsələn, Somali piratları bu günü ciddiliklə qeyd edirlər, klassik və ənənəvi piratlar kimi başlarına dik papaq qoyub, bir gözlərini sarğıyla bağlayıb, əllərinə də bir qədəh rom alıb coşquyla özlərinə qurban axtarırlar.
19 sentyabr. İlk dünya gözəli Berta Sukare
1888-ci ildə bilirsiniz nə baş verib? Belçikanın Spa kurort şəhərində tarixdə ilk gözəllik müsabiqəsi keçirilib. Qvadelupadan – Mərkəzi Amerikada yerləşən Fransa müstəmləkəsindən olan 18 yaşlı Berta Sukare adlı xanım ilk dünya gözəli seçilib. Şəklinə baxanda bilirsiniz nə düşündüm? Əlbəttə, bizim indiki gözəllik anlayışı ilə tam üst-üstə gəlməyən bir fizionomiyadır. 133 il əvvəlki insan axı tam fərqli olub, saç düzümü, libası da primitiv, bizə zövqsüz görünə biləcək qədərdir. Amma müasir insanla o dövrün insanı arasında radikal fərq də duyulur. Səmimilik və saflıq. O vaxtlar hələ dünyanın, insani münasibətlərin çirklənmədiyi bir dövr idi, Berta Sukarenin də dünya gözəli tituluna yiyələnməsi yolu heç bir saxtalıqdan, riyadan, pozğunluqan keçmirdi. Bax belə!
Varisin “11-20 sentyabrın tarixi” yazısından