“Biz bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq”

 

“Azərbaycan Beynəlxalq Qadınlar Assosiasiyasının Tbilisidə təşkil etdiyi qış xeyriyyə yarmarkasında uğurla iştirak edir. Azərbaycan ən böyük pavilyona malikdir. Biz burada bir daha Azərbaycanın zəngin mədəniyyətinin şahidi olduq.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a müsahibəsində Beynəlxalq Qadınlar Assosiasiyasının prezidenti Johanna Muhelmann söyləyib.

J.Muhelmann deyib: “Bu gün bu tədbirin təşkilində Gürcüstanda akkreditasiya olunmuş 25 ölkənin səfirliyi bizə dəstək olub. Onlardan biri də Azərbaycandır. Azərbaycanın bu möhtəşəm dəstəyindən məmnunluq duyuruq”.

Onun sözlərinə görə, assosiasiya 20 ildən çoxdur ki, bu cür tədbirlər təşkil edir. Ziyarətçilər iştirakçı ölkələrin nümayiş etdirdikləri mədəniyyət nümunələri ilə tanış olur, onların ləziz yeməklərindən həzz alırlar. Bu, həmçinin ziyarətçilərin həmin ölkələri daha yaxından tanımalarında mühüm əhəmiyyət kəsb edir.

“Bizim əsas məqsədimiz ehtiyacı olan insanlara yardım etmək, daha gözəl gələcək üçün təhsillərinə dəstək verməkdir. Satış-yarmarkadan əldə olunan vəsait də məhz bu istiqamətə sərf olunacaq”, – deyə J.Muhelmann vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.