Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın və bütövlükdə türk dünyasının görkəmli bəstəkarı, Şərqdə ilk opera və operettanın müəllifi, Azərbaycan milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə İspaniyada nəşr olunmuş poçt markalarının təqdimatı keçiriləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bildirir ki, markalar fondun himayəsi ilə türk dünyası mədəniyyətinin və incəsənətinin görkəmli nümayəndələrinin zəngin yaradıcılığını daha geniş beynəlxalq auditoriyalarla tanış etdirmək məqsədilə çap olunub.
Tədbirdə rəsmilər, səfirlər və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Tədbirin rəsmi hissəsində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı çıxışların edilməsi və poçt markaların möhürlənməsi mərasiminin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin və Müslüm Maqomayev adına 26 nömrəli on bir illik musiqi məktəbinin tələbələrinin ifasında milli musiqi alətlərinin müşayiəti ilə Üzeyir Hacıbəylinin bəstələdiyi əsərlərdən ibarət mahnıların səsləndirilməsi və səhnəciklərin nümayişi ilə davam edəcək.