Mədəniyyət Nazirliyində Tatarıstanın mədəniyyət naziri ilə görüş keçirilib Featured

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva noyabrın 29-da ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı qonağı səmimi salamlayan Sevda Məmmədəliyeva xalqlarımız arasında tarixi bağlılıq, ortaq dəyərlər və mədəni əlaqələrin inkişafı üçün gələcək əməkdaşlıq perspektivlərindən söz açıb.

 

Sevda Məmmədəliyeva 2022-ci ilin 28-29 noyabr tarixlərində Tatarıstanın Qabdulla Karieva adına Gənc Tamaşaçılar Teatrı tərəfindən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Nizami Gəncəvinin Leyli və Məcnun poeması əsasında tamaşanın nümayişi üçün qarşı tərəfə təşəkkürünü bildirib və bu səhnə əsərinin tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini ifadə edib.

 

Azərbaycanda təhsil almış nazir İrada Ayupova, uzun müddətdən sonra Azərbaycana səfəri və Bakı şəhərinin yüksək surətlə inkişafı ilə bağlı xoş təəssüratlarını bölüşüb, eyni zamanda Azərbaycanda tarixən çoxsaylı zəngin mədəni tədbirlərin keçirilməsi ənənəsinin bu gün də davam etdiyinin şahidi olduğunu bildirib.

 

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, türk xalqlarını birləşdirən birgə layihələrin həyata keçirilməsi və mühüm əhəmiyyətli tədbirlərdə qarşılıqlı iştirakın önəmi vurğulanıb.

 

Nazir cari ilin 4-9 dekabr tarixlərində Tatarıstanın Kazan şəhərində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci ilin Konvensiyasının 50 illiyinə həsr olunan beynəlxalq forumun keçiriləcəyini diqqətə çatdırıb və Nazirliyin rəsmilərini bu forumda iştiraka dəvət edib. O, həmçinin, Tatarıstanda keçirlən teatr, folklor, ənənəvi uşaq oyun  festivalları, o cümlədən, türk irsi ənənələrinə və onların təbliğinə yönəlmiş beynəlxalq tədbirlər haqqında məlumat verib. Bununla yanaşı, elm sahəsində əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verilməsi, xüsusilə, gənclər arasında elm sahəsində əməkdaşlığın qurulması, Tatarıstanda türk xalqlarının tarixi üzrə uşaqlar arasında olimpiadanın keçirilməsi və bu tədbirlərdə Azərbaycan tərəfinin iştirakının önəmini vurğulayıb.

 

Görüşdə Azərbaycanda və Tatarıstanda türk xalqlarına aid çoxlu sayda qədim əlyazmaların mövcud olduğu bildirilib, bu əlyazmaların araşdırılıb oxunulması üçün süni intellekt əsaslı texnologiya sahəsində birgə əməkdaşlığın zəruriliyi qeyd edilib.

 

Görüş zamanı 2023-cü ilin üçün Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi, habelə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkədə təşkili nəzərdə tutulan tədbirlərdə birgə əməkdaşlıq barədə məlumat mübadiləsi aparılıb. Görüşün sonunda növbəti ildə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, və bu əlamətdar günlər çərçivəsində festivallarda iştirak, birgə kino günlərinin təşkili, o cümlədən, mədəniyyət sahəsi ilə bağlı gənclər forumunun keçirilməsi müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət” (1.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.