Qahirədən söhbət gedir. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş qərargahında təşkil edilən Peyğəmbər və İslam Sivilizasiyası Muzeyi ziyarətçilərin üzünə açılıb.
Təşkilatın mediaya açıqlamasına istinad edərək “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ICESCO, Müsəlman Dünya Liqası (MWL) və Məhəmmədiyyə Alimlər Liqası arasında tərəfdaşlığın bəhrəsi olan bu möhtəşəm muzeylə yanaşı, İslam mədəni irsi nümunələrindən ibarət sərgi də fəaliyyət göstərir.
Sərgi və muzey üç əsas komponentdən ibarətdir. Birinci komponent MWL tərəfindən idarə olunan və bir neçə bölmədən ibarət olan Peyğəmbərin tərcümeyi-halı haqqında eksponatları ehtiva edir. Sünnə və ərəb xəttatlığı xəzinələri, Peyğəmbərin həyatından bəhs edən bölmə daha çox maraq doğurur. Burada Əl-Beytin mövqeyi və fəziləti haqqında məlumatlar, nəşrlər, artefaktlar və hədiyyələr var. Eyni zamanda, Peyğəmbərin dövründə olduğu kimi, Kəbə, Məkkə əl-Mükərrəm və Mədinə əl-Münəvərranın maketləri də nümayiş etdirilir.
İkinci komponent Peyğəmbərin otağının panoramasıdır. Bu eksponat tarixdə ilk dəfə olaraq 3D təsvir və virtual reallıqdan istifadə etməklə Peyğəmbərin gündəlik həyatını öz şərəfli otağında nümayiş etdirir və onun dəqiq təsvirini təqdim edir.
Nəhayət, üçüncü komponent Mərakeş Krallığının Məhəmmədiyyə Alimlər Liqası tərəfindən təşkil olunan “Mərakeşlilərin məhəbbət və sədaqət rəmzi olan Peyğəmbəri-Əkrəmə bağlılıq sərgisi”dir. Bu sərgidə tarixi əlyazmalar, nadir rəsmlər və sikkələr, Mərakeş memarlığının maketləri, bəzək və yazılar, ənənəvi alətlərdən ibarət xəzinələr təqdim olunur.
Maraqlıdır, deyilmi? Adam məmnuniyyətlə ziyarət etmək istəyir.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)