İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub

 

İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərinin Sollentuna Bələdiyyəsinin kitabxanasında baş tutan təqdimatda, jurnalistlər, Azərbaycan və türk diasporunun, yerli ictimaiyyətin, akademik dairələrin nümayəndələri iştirak ediblər. 

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci ilin martında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Daimi Şurası Şuşanı 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edib. "Şuşa İli" çərçivəsində Şimali Avropa ölkələrində keçirilən müxtəlif tədbirlər haqqında məlumat verən diplomat bu tədbirlərin mahiyyəti barəsində danışıb. Şuşa şəhərinin ölkəmizin mədəniyyətində, tariximizdə və milli təfəkkürümüzdə tutduğu yerə toxunan Zaur Əhmədov bu vacib yerə sahib Şuşa haqqında bəhs edən növbəti təqdimatın məhz İsveçdə keçirilməsini və "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsində çoxşaxəli mövzularla məlumat verilməsini yüksək qiymətləndirib.

Ardınca çıxış edən, "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri və layihənin müəllifi, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova qonaqları salamlayaraq Şuşa şəhərinin bütün Türk dünyasında yüksək mədəni-mənəvi əhəmiyyətinin əsaslarından və Avropa auditoriyası üçün maraq doğuran amillərdən danışıb. O vurğulayıb ki, Şuşanın mədəniyyət kodu Pənah Əli xanın yaratdığı xoşbəxt şəhər konsepsiyasına əsaslanır.

Birliyin sədr müavini Sindi Şükürova Azərbaycan-İsveç münasibətlərinin tarixi inkişaf yolu haqqında çıxış edərək Azərbaycanın İsveç ictimaiyyətinə Şuşa ilə tanıdılmasının zəruriliyini vurğulayıb.

Qonaqların diqqətinə çatdırılıb ki, https://codeshusha.com/ saytında yerləşən lonqridin 21 mövzusu 7 bloka bölünüb. Saytın üz qabığındakı Xarı bülbülün hər ləçəyi açılaraq oxucunu yeni mövzulara yönləndirir və hər mövzuya məxsusi musiqi səsləndirilir. Mövzular haqqında geniş məlumat verən Şəlalə Həsənovanın təqdimatı İsveçdə yaşayan alim Səadət Kərimi tərəfindən İsveç dilində təqdim edilib. Bununla yanaşı, tədbir əsnasında rus, isveç və ingilis dillərində hazırlanan https://codeshusha.com/ saytı haqqında da məlumat verilib.

Qeyd edək ki, "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi Azərbaycan mediasında yüksək lonqrid standartlarına uyğun hazırlanmış ilk yeni media məhsuludur. Dalma jurnalistikasına uyğun olaraq fitçer üslubunda yazılmış mətn maraqlı fotolar, videoçarxlar, musiqi kompozisiyaları ilə zənginləşdirilib. Bununla yanaşı, Azərbaycan internet məkanında ilk dəfə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində Alban kilsələri” interaktiv xəritələri, "Şuşalı musiqiçilərin qızıl nəsli" adlı nəfis infoqrafika hazırlanıb. 

Belə ki, "Şuşa məhəllələri" xəritəsində şəhərin 17 məhəlləsinin hər biri haqqında məlumat toxunuşla açılır. 

"Qarabağ ərazisində Alban kilsələri" xəritəsi işğaldan azad edilmiş ərazilərimizdə yerləşən 108 Alban kilsəsinin yerini dəqiq, coğrafi koordinatlarla və hər kilsənin yaranma tarixi haqqında məlumatı da istifadəçilərə təqdim edilir. 

"Şuşalı musiqiçilərin qızıl nəsli" infoqrafikası 10 musiqi şəcərəsini göstərir və hər bir nümayəndə haqqında qısa məlumat verir.

Layihədə, həmçinin digər məsələlərlə yanaşı, böyük bəstəkar Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov və 92 yaşlı jurnalist Məryəm Zöhrabbəyova Şuşa barədə xatirələrini bölüşüblər.

Sonda Azərbaycanın İsveç Krallığındakı səfirliyin təşkil etdiyi furşet zamanı maraqlı müzakirələr aparılıb və qonaqların sualları cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.