Küveyt məktəbində “Şuşa İli” ilə əlaqədar tədbir təşkil olunub

 

Azərbaycanın Küveytdəki səfirliyinin dəstəyi ilə “Şuşa İli” ilə bağlı Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti Küveytin “Əl-Əvail” məktəbində “Azərbaycan küveytli uşaqların gözü ilə” adlı Beynəlxalq Gün təşkil edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbir iştirakçılarına ölkəmiz haqqında geniş məlumat verilib. Onların diqqətinə çatdırılıb ki, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan olunub. Məktəb rəhbərliyinə Şuşanın tarixi, coğrafiyası və mədəniyyəti, habelə Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və orada keçirilən mədəni tədbirlər haqqında məlumat verilib. 

Sonra səfirliyin dəstəyi ilə ərəb dilində nəşr olunmuş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı kitab və Şuşa şəhərində təşkil olunmuş “Xarıbülbül” Festivalına həsr olunmuş jurnallar və digər təbliğat materialları iştirakçılara təqdim olunub. Bununla yanaşı, ölkəmizin tarixi və müasir mədəniyyət abidələrini, görməli yerlərini, tarixi məkanlarını və milli mənəvi sərvətlərini əks etdirən broşürlər, habelə milli geyim və mətbəx nümunələrimiz nümayiş olunub.

İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan tədbirdə şagirdlər Azərbaycan dilində uşaq mahnıları ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət” (25.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.