Özbəkistanla mədəni əlaqələr daha da sıxlaşır

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev noyabrın 16-da ölkəmizdə səfərdə olan Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qonağı  səmimi salamlayan Vaqif Əliyev ölkələrimiz və xalqlarımız arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün yüksək səviyyəyə çatmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu əməkdaşlıq xüsusilə mədəniyyətin müxtəlif sahələrində həyata keçirilən layihələrdə öz təsdiqini tapır. Azərbaycanın türk respublikaları ilə mədəni əlaqələrində Özbəkistanla olan münasibətlər xüsusi yer tutur.

Vaqif Əliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının əvvəlində Özbəkistana dövlət səfəri, keçirilən görüşlər və qatıldığı tədbirlər iki ölkə arasında əlaqələrin yüksək inkişafının bariz göstəricisidir.

 

Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahadır Əhmədov qəbula görə təşəkkür edib. Bildirib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana gəlişi Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının 14-18 noyabr tarixində Bakıya qastrol səfəri ilə bağlıdır. Səfər çərçivəsində kollektiv özbək bəstəkarı Ənvər Erqaşovun “Humo” operasını nümayiş etdirib, italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını isə nümayiş etdirəcək.

Göstərilən qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Bahadır Əhmədov bu kimi mədəni layihələrin davamlı olmasına inamını ifadə edib.

 

Görüşdə Azərbaycan və Özbəkistan arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.