"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı muzeyin mediaya açıqlamasına istinadən xəbər verir ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşada dövlətin müstəqillik atributlarından biri olan pul vahidinə həsr olunub.
XVIII əsrin ortalarında paytaxtı Şuşa qalasına köçən Qarabağ xanlığı da öz pulunu dövriyyəyə buraxıb. Xanlıq qalaya köçəndən sonra Pənahəli xanın göstərişi ilə yaradılan zərbxanada pul kəsilməyə başlanılıb. Qarabağ xanlığının təkcə pul yox, çəki və ölçü vahidləri də olub.
Qarabağ xanlığının pul vahidi və dövlət atributlarından biri olan “pənahabadi” Pənahabbadda (Şuşada) kəsilir və şəhərin adı ilə adlandırılırdı, xalq arasında “pənabad”, yaxud “pənavat” da deyilirdi. Pənahabadi bir misqal vəzində, çar Rusiyasının köhnə gümüş pulu ilə 5 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “pənahabadi”, o biri üzündə isə “La İlahə illəllah və Muhəmmədun rəsulullah” sözləri yazılmışdı.
“Pənahabadi”nin 6-sı bir manat, 8-i isə “Qarabağ tüməni” adlanırdı. Eyni zamanda, bu pul “təklik” və “cütlük” ilə 30 qəpik hesab olunurdu. “Pənahabadi” demək olar ki, bütün Azərbaycan xanlıqlarında və Yaxın Şərq ölkələrində dövriyyə vasitəsi kimi işlənirdi, iqtisadi əlaqələr və ticarətin inkişafında əsas vasitəyə çevrilmişdi. XVIII əsrin ortalarından dövriyyə buraxılmağa başlayan “pənahabadi” XX əsrin 30-cu illərinə qədər Yaxın Şərq ölkələrində və Orta Asiyada pul vahidi kimi işlənirdi.
Qarabağda pul vahidi olan “sahibqran” Şuşada kəsilirdi. İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşada qətlindən sonra İbrahimxəlil xan Cavanşir ədəb qaydasında və İranla münasibətləri yoluna qoymaq üçün “sahibqran” -35,5 qəpik dəyərində gümüş pul kəsdirməyə başladı. “Sahibqıran” bəzi hökmdarların, o cümlədən də Əmir Teymurun titulu idi. Qarabağ xanlığında həmin pul İran hökmdarı Fətəli xan Qacarın şərəfinə “Fətəlişahi” da adlandırılırdı.