Zəfər Günü ilə bağlı Mədəniyyət Nazirliyinin keçirdiyi “Zəfər sədası” festivalı barədə geniş icmal Featured

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü münasibətilə Bakı, Gəncə, Sumqayıt, Ağdam və Bərdə şəhərlərində “Zəfər sədası” musiqi festivalı keçirilib.

*

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, noyabrın 5-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Zəfər sədası” Musiqi Festivalı çərçivəsində tədbir təşkil edilib. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğurunda əziz canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhidlərin ailə üzvləri və veteranlar iştirak ediblər.

"Bacarıqlı əllər" dərnəyinin yetirmələrinin əsərlərinin sərgiləndiyi tədbir konsert proqramı ilə davam edib.

*

5 noyabr tarixində Bərdə rayon Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevdir) “Zəfər sədası” musiqi festivalı çərçivəsində təntənəli bayram konserti keçirilib. Konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri, icra hakimiyyəti, digər idarə və təşkilatların əməkdaşları, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.

Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifasında bayram ab-havalı bəstəkar və xalq mahnıları səsləndirilib.

Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

*

6 noyabr tarixində Sumqayıt Dövlət Dram Teatrında “Zəfər sədası” musiqi festivalı çərçivəsində konsert keçirilib. Konsertdən öncə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, xalqımızın sarsılmaz birliyindən bəhs edib.
Daha sonra izləyicilərə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı və solistlərinin ifasında konsert proqramı təqdim edilib.

*

6 noyabr tarixində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin növbəti konserti Ağdam rayonunda olub. Ağdam Muğam Mərkəzində keçirilən konsertdə şəhid ailələri, qazilər, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən geniş bəhs ediblər.

Sonra tədbirin bədii hissəsi başlayıb. Proqramda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistləri Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Nərgiz Kərimova, Televiziya Muğam Müsabiqəsinin qalibi Səbinə Allahverdiyeva, II Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Rəvanə Qurbanova, VIII Televiziya Muğam Müsabiqəsinin iştirakçısı Məftun Səfərli, beynəlxalq və respublika müsabiqələrinin qalibi Vaqif Təhməzov, Süleyman Süleymanov, Taleh Yahyayev və Səbinə Allahverdiyevanın ifasında bəstəkar və xalq mahnılarından ibarət rəngarəng musiqi nömrələri təqdim olunub. 

*

7 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Zəfər sədası" musiqi festivalı çərçivəsində konsert keçirilib.

Konsertdə Gəncə Dövlət Kamera Orkestri (bədii rəhbər və dirijor – Xalq artisti Rafael Bayramov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Sahil Quliyev) rəngarəng proqramla çıxış ediblər.

Bayram konsertinin tamaşaçıları arasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və digər qonaqlar olub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Zəminə Nuriyeva, Rövşən Məmmədov, Əlizadə Malasov, Xəyal Əliyev, Elmir Pişnamazzadə, Vasif Bayramov, Şirxan Cahangirov, Azər Verdiyev rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

*

Noyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Zəfər sədası” musiqi festivalı çərçivəsində konsert keçirilib.

Gecədə tarzən Mirxalid Salayevin rəhbərlik etdiyi Dövlət Mahnı Teatrının İnstrumental Ansamblı dinləyicilərə gözəl, sevimli mahnı inciləri təqdim edib. Konsertdə teatrın solistləri Fəxri Kazım Nicat, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Aynur İsgəndərova həmçinin qonaq ifaçılar Aşıq Ramin Qarayev, Mətin Rzazadə, Anar İlhamlı, Fərhad Allahverdiyev öz rəngarəng proqramları ilə çıxış ediblər.

*

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olundu.

Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə noyabrın 7-də gerçəkləşən konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Oqtay Zülfüqarovun əsərləri ilə yanaşı, şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalib əsərləri də səsləndi.

Konsert proqramı şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Fikrət Əmirovun möhtəşəm “Azərbaycan süitası” səsləndirildi. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarəsi ilə əsərin birinci hissəsini ifası elə ilk dəqiqələrdən salona sanki bir qələbə ruhu payladı.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova tamaşaçıları salamlayaraq Zəfər bayramı münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, 8 noyabr tarixi xalqımızın ən şanlı günlərindən biridir: “44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində torpaqlarımız düşməndən azad edildi. Ötən il Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsi keçirildi. Bu gün həmin müsabiqənin qalibi olan əsərləri də dinləmək imkanı əldə edəcək, qalibləri mükafatlandıracağıq”.

Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq artisti Firəngiz Əlizadə xalqımıza şanlı Qələbə yaşadan Ali Baş Komandan və şanlı Ordumuzun şücaətindən söz açdı, bu Zəfərin mədəniyyətimizə təsirindən danışdı: “Bəstəkarlar İttifaqı olaraq gənc bəstəkarları öz sıralarımıza qəbul edirik, cığır açırıq. Onların akademik yolda uğur qazanmaları aldıqları təhsil və öz içlərindən gələn duyğulara bağlıdır. Müasir və akademik musiqi ilə məşğul olmaq çətindir. Bizim musiqi sənətimiz həmişə yüksəklərdə olub. Ötən il keçirilən müsabiqəyə 26 partitura daxil olmuşdu və onlardan 15-i qəbul edilərək dinlənildi. Bu gün biz 3 qalibi mükafatlandıraraq bütün gənc bəstəkarlara uğurlar arzulayırıq”.

Daha sonra müsabiqənin qalibləri elan edildi. Gənc bəstəkar Üzeyir Məmmədova həvəsləndirici mükafat təqdim olundu. II yerə Vətən müharibəsi qazisi bəstəkar Vüqar Məmmədazdə, III yerə Elvin Quliyev layiq görüldü. Müsabiqənin birinci mükafatı isə Tural Məmmədliyə təqdim edildi.

Mükafatlandırmadan sonra konsert proqramı davam etdi. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) və orkestr vətənpərvərlik notlu əsərləri böyük sevgi və coşqu ilə ifa etdilər. Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, “Qara Qarayevin “Zamanın bayraqdarı”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru səsləndikcə bu dahilərlə yanaşı, müsabiqə qalibləri Tural Məmmədlinin “Şuşa fəthi”, Vüqar Məmmədzadənin “İnsan”, Elvin Quliyevin “Qayıdış”ını dinlədikcə musiqimizin köklü ənənələr üzərində davamlı inkişaf etdiyinə şahid olduq. Gənc bəstəkarların əsərləri xüsusi alqışa layiq idi. Və tamaşaçılar onların haqqını, dəyərini öz alqışları ilə təsdiqlədilər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.