İran və Rusiya barədə..

 

Məqsəd Nur yazır

 

Gördüyünüz bu foto kəndimizin - Kəlbəcərin Zülfüqarlı kəndinin xoşbəxt günlərindən birində çəkilib. Təxminən bu vaxtlardan da bir az da qabaq (70-ci illər) - kiçik yaşlarımda, İrandan bir adam gəlmişdi - anamın xalası oğlu. 

 

O, İranda keçirilən güləş üzrə dünya çempionatında SSRİ-ni təmsil edərək yarışda iştirak edib mühüm bir qələbə ilə Vətənə dönmüşdü. Evimizə xeyli adam yığışdı. İrandan çempionluqla geri qayıdan pəhləvanımızın qələbəsi yaddan çıxdı, o hansısa qohumlar, şəhərlər, müxtəlif adamlar barədə danışırdı: evimizdəki kişilərin kədərli hənirtisi, qadınların hıçqırtısı hələ də qulaqlarımdan getmir. Hər dəfə İran sözünü eşidəndə o səslərı, hənirtiləri xatırlayıram. Sonrası isə uzun hekayədir. Böyüdüm, əvvəl nənəm, əlimdən tutub babalarımın yatdığı qəbristanlığa apardı, "ağqulaqların" (rusların) bu qəbristanlıqda yatan başıpapaqlılarımızı dönəm-dönəm, nəsil-nəsil (1804-1932) güllələdiyini, sürgün və dərbədərliyin baş alıb getdiyini dedi, üstünə də bayatılarını əlavə etdi (hər bənddə 3 kədər, bir ümid vardı). Sonra isə böyük qardaşım, tarix müəllimi heç "gözümü açmamış" mənə (təxminən 5-ci sinifdə oxuyarkən) İranın da, Rusiyanın da iç üzünü açıb ortaya qoydu. Məncə, bu qədər informasiya - kədər, məğlubiyyət, məhrumiyyət bir uşaq ağlı üçün çox idi. Hələ bu bir yana, sonradan özüm nələr gördüm: I Qarabağ savaşında iştirak etdim, şahid oldum - əvvəlcə İranın çoxqatlı xəyanətləri, sonra talanları, Rusiyanın "ağqulaq"lığı - eynən nənəm və qardaşım dediyi kimi, qarşıma çıxdı. İndi, hər kəs, hər şeyi yaxşıca, vaxtında bilir, görür, eşidir və anlayır, söz yox. Bircə mənim hətta bu ağ-qara fotonun içərisindən də pambıq bəyazlığında buludlar kimi işiq saçan gözəl kəndim və onun hər küncüdə sakitcə yaşayan xatirələrim yer üzündən silindi... Kimin, nəyin üzündən?

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.