Təbii ki, dünən - noyabrın 1-də Mədəniyyət Nazirliyində baş verənlər gündəmi zəbt etdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi, həbs olunanlar var.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əməliyyat nəticəsində ilk olaraq nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb. Daha sonra nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.
Ən nəhayət, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Tutulanlar nədə ittiham olunur, hələ bəlli deyil.
Maraqlı bir xatırlatma edək: mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılmışdı və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Ortada 2 ildə DTX-nın yeni tərkibli Mədəniyyət Nazirliyinə 2 dəfə güzar etməsi faktı dayanır.
Yeri gəlmişkən, DTX tərəfindən hələ heç bir rəsmi açıqlama olmadığı halda mediada Mədəniyyət Nazirliyi və həbs olunanlar haqqında aşağılayıcı məlumatlar yayılır, bizcə bu, etik normalara sığmır.
Mövzunu gündəmdə saxlayacağıq.