Qənirə Paşayeva Nəvai vilayətində Azərbaycan mədəniyyət günlərinin açılışında çıxış edib

 

Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai şəhərində möhtəşəm açılış mərasimi keçirilib.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə gerçəkləşən tədbirlər ölkənin Daşkənd vilayəti ilə yanaşı, Buxara, Səmərqənd və Nəvai vilayətlərini də əhatə edib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva dövlətimizin Özbəkistanla əməkdaşlığa mühüm önəm verdiyini bildirib. O, ortaq köklərə malik xalqlarımız arasında dil, din, tarix birliyindən söz açaraq, mədəniyyətlərimizin yaxınlığını, qarşılıqlı doğmalığını xüsusi vurğulayıb. Komitə sədri bu doğmalığın, yaxınlığın dərin tarixi ənənələrə malik olduğunu qeyd edərək, böyük gələcək vəd etdiyini qürur hissi ilə söyləyib.

Q.Paşayeva mədəniyyət və ədəbiyyat sahəsində əməkdaşlığımız haqqında danışaraq, Əlişir Nəvainin Nizami Gəncəvini özünün mənəvi ustadı sandığını, Hüseyn Cavid və Abdurrauf Fitratın oxşar taleyi, Qafur Qulam və Səməd Vurğun arasında güclü yaradıcılıq əlaqələri və dostluq əlaqələri haqqında fikirlərini bölüşüb, bu münasibətlərin bu gün yeni nəsil yazarları tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyib.

Türk dünyasında mədəniyyət və digər əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinin, genişləndirilməsinin önəmindən danışan Q.Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri çərçivəsində milli mədəniyyətimiz və xalqlarımız arasında dostluğa, həmrəyliyə dair çoxsaylı tədbirlərin, layihələrin gerçəkləşməsini məmnunluqla qeyd edib.

O, Nəvaidə ilk dəfə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nəvai sakinlərinin yaddaşında xoş xatirə olaraq qalacağına inandığını bildirib.

Komitə sədri deyib: “Qardaş Özbəkistan dövləti və çoxmilyonlu özbək xalqı bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunun bir daha şahidi olduq. Bu gün də ilk növbədə Özbəkistan xalqına və dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetirirəm”.

Milli Məclisin deputatı, eyni zamanda, Mədəniyyət paytaxtımız Şuşadan danışıb, Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib: “Şuşa özünəməxsus tarixə, mədəni irsə malik şəhərdir. Şuşa qərinələr boyu Azərbaycan və Türk-İslam musiqisi üçün önəmli isimlər yetişdirib, mədəniyyət beşiyi olub. Ümumtürk mədəniyyətinə önəmli töhfələr verən neçə-neçə dahi şəxsiyyət Şuşada doğulub, boya-başa çatıb.”

Çıxışına davam edən komitə sədri erməni vandalizmindən, bir çox mədəniyyət və tarixi abidənin məhv edilməsindən danışıb. Sonda Q.Paşayeva tədbir iştirakçılarının çoxunun hələ Şuşada olmamasını vurğulayaraq, hər bir özbək aydınını ölkəmizə, qədim Şuşamıza dəvət edib.

Tədbirdə Nəvai vilayət hakiminin müavini Sədullo Mirzoyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və başqaları çıxış edib, ürək sözlərini bölüşüblər.

Möhtəşəm konsert proqramı ilə davam edən tədbirdə Azərbaycan və Özbəkistan milli naxışlarını özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Qeyd edək ki, geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.