UNESCO-nun mənzil-qərargahında Qarabağ xanlığının zəngin tarixi - mədəni irsi təqdim edilib Featured

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli” çərçivəsində silsilə tədbirlər davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, “Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfrans keçirilir. Konfransda Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitab da təqdim edilib. Müxtəlif ölkələrdə, eləcə də beynəlxalq təşkilatlarda bu kitab vasitəsilə Qarabağ xanlığının tarixi və mədəni kimliyi tanıdılır. 

“Şuşa İli” çərçivəsində UNESCO-nun mənzil-qərargahında “Mədəni irsin aşkarlanması və qorunub saxlanılması sahəsində regional əməkdaşlıq” adlı konfransı Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi Elman Abdullayev giriş sözü ilə açaraq, tədqiqat layihəsini 1972-ci il Ümumdünya İrs Konvensiyasından irəli gələn mədəni irsin qorunması üzrə beynəlxalq əməkdaşlıq tələbinə töhfə kimi qiymətləndirib. 

Tədbirin moderatoru fransız jurnalist Jan-Mişel Brun Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan Qarabağ bölgəsi mədəni irsinin muğam, memarlıq, xalçaçılıq, atçılıq kimi sənətlərinin bəşəri mədəniyyətin inciləri olduğunu vurğulayıb. 

Gürcüstan Milli Muzeyinin direktoru, məşhur arxeoloq professor David Lordkipanidze son illər Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstan Milli Muzeyinin arxivində saxlanılan və Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində aparılan unikal layihələr haqqında məlumat verib. Bu əməkdaşlıq nəticəsində bir neçə il əvvəl Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Tarixin şah əsərləri” adlı sərginin, Gürcüstan Milli Muzeyinin fondlarında aşkarlanmış İrəvan xanlığının tarixi və mədəni irsinə aid nadir eksponatların geniş xarici auditoriyaya tanımağa imkan yaratdığını qeyd edib. 

“Qarabağ xanlığı” kitabının həmmüəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze Rusiya İmperiyası dövründə toplanmış obyektiv etnoqrafik materiallar əsasında hazırlanmış bu tədqiqat işinin Qarabağ bölgəsində uzun əsrlər boyu Azərbaycan mədəniyyətinin üstün mövqeyi və dərin tarixi köklərini əks və sübut etdiyini qeyd edib. 

Gürcü həmkarlarına fədakar əməkləri üçün təşəkkürünü bildirən Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, Qarabağ xanlığının mədəni irsinin ondan əvvəl bu bölgədə hökmranlıq etmiş tarixi Azərbaycan dövlətlərinin minillik mədəniyyətinin davamı olmasından danışıb. 

“Azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində barbarcasına dağıdıldığının şahidi oldum”, - deyən Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pomiyer Vinçelli Azərbaycanın Qarabağda xristian irsi də daxil olmaqla bütün mədəni və tarixi irsə həssaslıqla yanaşdığını və mühafizə etdiyini diqqətə çatdırıb. 

Müzakirələri yekunlaşdıran Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov erməni işğalı illərində Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan irsinin tamamilə məhv edildiyini bildirib. Bu baxımdan xarici muzeylərdə qorunmuş Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli” təşəbbüsü Qarabağ bölgəsi, xüsusilə də Şuşa şəhərinin qədim tarixə malik Azərbaycan kimliyi haqqında elmi həqiqətlərin beynəlxalq səviyyədə tədqiqinə və tanıdılmasına təkan verir. Məhz “Şuşa İli”ndə Heydər Əliyev Fondunun himayəsi ilə Qarabağ xanlığının tarixinə aid 100 ildən artıq müddətdə Tiflis arxivlərində mövcud olmuş zəngin kolleksiyanın nüfüzlu elmi nəşr halında işiq üzü görməsi və bu nəşrin ilk təqdimatının azad edilmiş Şuşada keçirilməsi dərin rəmzi məna daşıyır. E.İskəndərov gürcü alimlərin bu istiqamətdə tədqiqatının bundan sonra da geniş tarixi və mədəni ictimaiyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib.

Tədbirin sonunda natiqlər iştirakçıların suallarının cavablandırıblar. 

Tədbir iştirakçılarına ingilis, fransız və ərəb dillərində olan “Qarabağ xanlığı” kitabı hədiyyə edilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.