“Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Azərbaycan Milli Xalça Muzeyində “Gənc tamaşaçılar üçün muzey” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransı mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva açaraq bu cür tədbirlərin beynəlxalq təcrübənin öyrənilməsi, paylaşılması baxımından geniş imkanlar yaratdığını, dünya muzey mütəxəssislərinin mədəni əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova uşaqların muzeylərə cəlb edilməsi, burada onların maraqlarına uyğun mühitin formalaşdırılması məsələlərinin aktuallığını diqqətə çatdırıb, konfransın məqsəd və əhəmiyyətindən danışıb. Əsas məruzəçi, Amsterdam Brilyant Muzeyinin rəhbəri, İCOM MPR Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü Byorn Stenvers "Muzeylərin uşaq auditoriyası üzərində dəyişən rolu” mövzusunda çıxış edib.

 

Konfransın ilk günü Azərbaycan, Serbiya, Almaniya, Bolqarıstan, Latviya, Rusiyadan olan mütəxəssislərin “Muzeylər və məktəblər: muzey pedaqogikasının üfüqləri”, “Muzeylərdə uşaqlar üçün rəqəmsal materiallar “Uşaqlar, yeniyetmələr və valideynlər üçün muzey proqramları” mövzularında çıxışları dinlənilib. 

 

Azərbaycan Milli Xalça Muzeyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilən konfrans oktyabrın 21-dək davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.