Anar Kərimov: “Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”. Featured

 

“İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda müşavirə keçirilib

 

Oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda müşavirə keçirdi.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktor və müəllimləri, eləcə də regional idarələrin rəhbərləri iştirak edirdi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov mədəniyyətimizin inkişafının təməlində uşaq incəsənət və musiqi məktəblərinin dayandığını dedi. Bildirdi ki, bu sahədə keyfiyyətli təhsil başlıca meyardır: “Gələcəkdə musiqimizin, mədəniyyətimizin inkişafı üçün Mədəniyyət Nazirliyi olaraq islahatlara məhz buradan başlamağa qərar verdik. Məqsədimiz ilk növbədə bizim gələcəyimizi təmin edən tədris-təhsil sistemini təkmilləşdirmək və bu sahənin inkişafını peşəkar kadrlarla təmin etməkdir”.

İki ildir nazirlik tərəfindən tabe mədəniyyət müəssisələrində yoxlamaların həyata keçirildiyini deyən Anar Kərimov ciddi nöqsanların aşkar edildiyini diqqətə çatdırdı: “Bu nöqsanlar əsasən musiqi məktəblərində aşkarlanıb. Burada korrupsiya, “ölü canlar” və digər neqativ hallar ortaya çıxarılıb. Bu hallar nəticə etibarilə keyfiyyətli təhsil üçün maneələr yaradır. Bu yoxlamaların nəticələri barədə hüquq mühafizə orqanlarına da müraciət olunub və araşdırmalar aparılır. Bütün bunlar bizim üçün ciddi siqnallardır ki, bu sahəyə nəzarəti gücləndirək. Biz bu amilləri nəzərə alaraq islahatlara başladıq. Nazirlik tərəfindən hazırlanan yol xəritəsində 8 prioritet istiqamətdən ikisini artıq həyata keçirməkdəyik. Birincisi, musiqi məktəblərində elektron sistemin yaradılmasıdır. Yəni müəllim və şagirdlərin elektron qeydiyyatı aparılır. Bir ildən çoxdur ki, nazirlik tərəfindən incəsənət məktəblərinin elektron sistemi – İMES adlı sistem hazırlanaraq öz işinə başlayıb. Bizim üçün bu nəzarət sistemi vacibdir. Bunun nəticəsində məktəblərdə müəllim və şagirdlərin sayını əldə edə bilirik. Digər bir vacib bir məsələ ölkə ərazisində fəaliyyət göstərən 210 uşaq incəsənət və musiqi məktəbində barmaq izlərini qeydə alan aparatın quraşdırılmasıdır. Bununla şagird və müəllimlərin davamiyyətinə nəzarət etmək mümkün olacaq. Həmçinin bu nəzarət sistemi digər bir problemin aradan qaldırılması deməkdir. Bəzən olub ki, musiqi və incəsənət məktəblərində tədris olmadığı halda müəllimlər maaş alıblar”.

Nazir həmçinin diqqətə çatdırdı ki, müəllimlərin işə qəbulu ilə bağlı iki mərhələli sistem tətbiq edilir: “İlk dəfə olaraq birinci – test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə həyata keçirildi. Gələcəkdə Mədəniyyət Nazirliyi bu prosesə müdaxilə edən tərəf kimi görünməsin deyə bu prinsipi seçdik və gözəl nəticələr əldə etdik. Bundan sonra da bu prosesi davam etdirməkdə qərarlıyıq. Müəllimlərin işə qəbulunda ikinci mərhələ isə qabiliyyət, yaxud müsahibə şəklində imtahandır. Burada da biz müstəqil ekspertləri, peşəkar mütəxəssisləri cəlb etdik. Müsahibələr videoçəkilişlə keçirildi. Yekunda hər iki mərhələni keçən ümumilikdə 215 müəllim işlə təmin edildi. Bununla da biz ilk dəfə olaraq musiqi məktəblərində şəffaf  və peşəkar imtahan prosesindən keçən müəllimləri işə qəbul etdik. Bu, bizim üçün çox vacib bir mərhələ idi. Biz bununla müəllimlərin peşəkarlığının artırılmasının təməlini qoya bildik”.

Anar Kərimov qeyd etdi ki, bədii təhsil müəssisələrində daha çox ali təhsilli müəllimlərin çalışmasına nail olmalıyıq. Bu, uşaqların təhsilinə əsaslı töhfə olacaq. Hər bir məktəbin uğuru onun yetirmələrinin bu sahədə fəaliyyətini davam etdirməsindən asılı olmalıdır: “Yəni hər bir məktəb qarşısına konkret hədəf qoymalıdır. Uşaqlar məktəbdən sonra ali təhsillərini davam etdirərək mədəniyyətimizin inkişafına töhfə verməlidirlər. Bütün bu qeyd etdiklərim ilkin mərhələdir və bundan sonra da prosesləri davam etdirəcəyik. Paralel olaraq şagirdlərin məktəbə qəbulu məsələsini də elektronlaşdırmağı planlaşdırırıq. Bundan əlavə, müəllimlərin bacarıqlarının yoxlanılması üçün attestasiya da həyata keçirəcəyik. Musiqi məktəblərində öz sahəsi və peşəsinə uyğun olan müəllimlərin çalışmasını istəyirik. Bu sahədə çalışmaq istəyənlər gəlsin məktəblərə. Savadsız və tapşırıqla gələn insanlardan məktəblərimizi təmizləməliyik. Bu, birmənalıdır və güzəştlər olmayacaq. Kimlər bu islahatlarda iştirak edəcəksə, biz onlarla birgə çalışacağıq. Kimlər ki, istəməyəcək – onları da xəbərdar edirik – artıq bu işdə çalışa bilməyəcəklər. Məqsədimiz uşaq incəsənət və musiqi məktəblərində köklü dönüş yaratmaqdır”.

Nazir həmçinin məktəb rəhbərlərinin diqqətinə çatdırdı ki, bu ilin sonuna kimi attestasiyanın birinci mərhələnin keçirilməsi planlaşdırılır. Bundan sonra müəllim və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək. Uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin tətbiq edilməsi, sözügedən islahatlar istiqamətində ən vacib məsələdir. Bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq.

Çıxışının sonunda müşavirə iştirakçılarına uğurlar arzulayan Anar Kərimov bildirdi ki, islahatlar təkcə uşaq incəsənət və musiqi məktəblərinə aid deyil, digər aidiyyəti müəssisələri də əhatə edəcək.

Daha sonra Mədəniyyət Nazirliyi İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov çıxış edərək müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirilməsinin detallarından söz açdı. Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov çıxışı zamanı İMES proqramının tətbiqi və layihənin reallaşdırılması mərhələləri barədə məlumat verdi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.