Milli Məclisdə Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri ilə görüş olub

 

Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasındakı tarixi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərindən söz açıb. O, ulu öndər Heydər Əliyev və onun siyasətini bu gün davam etdirən Prezident İlham Əliyev tərəfindən iki ölkə arasındakı münasibətlərə, əməkdaşlığa, dostluğa hər zaman böyük önəm verildiyini bildirib.

Söhbət zamanı Qənirə Paşayeva Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında tarixi, mədəni və dini abidələrin erməni vandalizminə məruz qalmasından danışıb, bu cür vandalizmə qarşı səylərin birləşdirilməsinin əhəmiyyətinə toxunub. O, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, Azərbaycan və Gürcüstan mədəniyyətlərinin qarşılıqlı təbliği və tanıdılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlərə diqqət çəkib. Qonaq rəhbərlik etdiyi komitənin mədəni əlaqələrin daha da inkişafında maraqlı olduğunu və Azərbaycanla əməkdaşlığa önəm verdiklərini qeyd edib. O, dünyanın bu gərgin dövründə mədəniyyətlərin sülhə verə biləcəyi töhfələr, bu istiqamətdə UNESCO-nun rolu və Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nümunəvi fəaliyyəti barədə fikirlərini bölüşüb.

Sonra Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar Razi Nurullayev, Ülviyyə Həmzəyeva, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze mədəniyyətlərin qarşılıqlı təbliği, Azərbaycan və gürcü dillərinin məktəblərdə tədrisi məsələləri, parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikirlərini səsləndiriblər. 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.