Xəbər verdiyimiz kimi, Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın baş redaktorluğu ilə nəşr olunan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 illiyi qeyd olunub.
İndi isə təfərrüatla: Həmin tədbirdə iştirak edən “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı bildirir ki, tədbir maraqlı keçib, əsl yubiley ovqatı duyulub.
Nəşrin slayd-şou ilə təqdimatını nümayiş etdirən Zöhrə Əliyeva “Mədəniyyət/Culture” jurnalının kontentində başlıca mövzulardan birinin də “Vahid türk dünyası” və onun inkişafda olan mədəniyyəti mövzusu olduğunu deyib: “Kitab sərgilərimiz hər zaman belə möhtəşəm keçirilir və bu çox gözəl bir təşəbbüsdür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün sənət və mədəniyyət ocaqları ilə, müqtədir müəlliflərlə əməkdaşlıq edirik. Jurnalımızın müxtəlif rubrikaları sırasında “Nizami-880” rubrikası yaradaraq, daha sonra eyniadlı xüsusi buraxılışı nəşr etdik və bu oxucunun inanılmaz marağına səbəb oldu. Bundan əvvəl isə “Nəsimi-650” xüsusi buraxılışına görə “Humay” mükafatına layiq görüldük. Mütəmadi olaraq Azərbaycan, özbək, türk ədəbi əlaqələri və s. mövzularda məqalələr yerləşdiririk. “Mədəniyyət/Culture” jurnalı əvvəllər müxtəlif adlarla çap olunsa da eyni jurnalın mənəvi varisidir və biz gözəl ənənələri ləyaqətlə davam etdirərək bu gün onun 55 illiyini qeyd edirik. Jurnal 1000 tirajla çap olunur və Azərbaycanın bütün regionlarına göndərilir. Biz jurnalın mənəvi simasının daim inkişafa doğru dəyişməsi naminə maksimum dərəcədə işlər görmüşük və yenə də görürük. Dediyim kimi, jurnalımızın Azərbaycan mədəniyyətini təbliğ edən müxtəlif rubrikaları var. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil edilib və nəşrin “Elm” rubrikasında hər dəfə təxminən 20-25 elmi məqalə dərc olunur. Belə ki, jurnal ölkənin elm adamlarının böyük marağına səbəb olub və hətta bir çox alimlərimiz öz məqalələrini məhz bu jurnalın səhifələrində görmək istəyirlər. Peşəkar musiqiçilərimizdən bizə müraciətlər olunur, bu da bizim üçün çox sevindirici haldır. Bizim oxucu əhatəmizin əsas hissəsi həm də region oxucusu olduğu üçün “Bizə yazırlar” rubrikamız çox məşhurdur. Jurnalda, həmçinin öz doğma dilimizlə bərabər bir çox dillərdə də məqalələr çap olunur. Həmkarlarımızı da unutmuruq, biz jurnalistlərimiz və fotoqraflarımız haqqında da jurnalımızda layihə işləmiş və bir il boyu onu davam etdirmişik. Rubrikalarımız mütəmadi olaraq yenilənir. “Qarabağ Azərbaycandır”, “Səhnədən hərb meydanına”, “Mədəniyyətdən əbədiyyətə”, “Multikulturalizm”, “Ədəbiyyat”, “Musiqi”, “Teatr” və s. mövzular bizim əsas mövzularımızdır. Həmçinin “Uzaqdakı yaxınlar” rubrikamız var ki, burada bizim xaricdə yaşayan mədəniyyət xadimlərimiz, sənətçilərimiz barədə gözəl reportajlar çap olunur. Başda mədəniyyət naziri Anar Kərimov olmaqla bir çox tanınmış ziyalılarımız, akademik və elmlər doktorları jurnalın idarə heyətinin üzvləridir. Onlar da öz məqalələrini jurnalımızın səhifələrində görməkdən məmnun olurlar”, - deyə Zöhrə Əliyeva bildirib.
2015-ci ildən “Mədəniyyət/Culture” jurnalına rəhbərlik etdiyini vurğulayan Z.Əliyeva nəşrin gələcək perspektivlərindən söhbət açıb: “Jurnal 1967-ci ildən fəaliyyətdədir. Bu müddət ərzində jurnalın bir neçə dəfə adı dəyişib. Jurnalın təsisçisi Mədəniyyət Nazirliyidir. Çalışırıq ki, jurnal oxucunun marağına səbəb olsun və qarşıya qoyduğu missiyanı yerinə yetirsin. Bizə ünvanlanan oxucu məktublarında jurnalın öz adını doğrultduğunu eşidirik, bu da bizi çox sevindirir və işimizə məsuliyyətimizi daha da artırır".
Yazıçı, jurnalist, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid bu tədbirdə iştirakından məmnunluğunu bildirib: “Jurnalınız haqqında ətraflı məlumat verdiniz. Sevgi və şövqlə danışdınız. İnsanın sənətinə, öz gördüyü işinə bu cür sevgisi bizə də ruh verir və bu çıxışınızda öz gördüyünüz işinizə böyük hörmət, ehtiram var idi. Jurnalınızın 55 yaşını təbrik edirəm. Bu gün burada Bakı Beynəlxalq Kitab Sərgisində doğma və əziz insanları görmək insanda fərqli təəssüratlar yaradır. Bu cür insanlarla belə bir kitab bayramında rastlaşmaq xoşdur. Buna görə də mən Mədəniyyət Nazirliyinə təşəkkür edirəm ki, davamlı şəkildə belə vacib və gözəl ənənələrə sadiq qalaraq bu cür kitab sərgiləri keçirirlər. Biz ötən ay Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş yubiley mərasimində də olduq və çox gözəl tədbir keçirildi. Bu sevindirici haldır ki, ölkəmizdə bir-birinin ardınca belə mötəbər yığıncaqlar, tədbirlər təşkil olunur”.
Ədəbiyyatşünas, professor Asif Rüstəmli də öz təbrikini çatdırıb: “Mən də bu təbriklərə qoşuluram və qeyd etmək istəyirəm ki, Cümhuriyyətdən əvvəlki dövrü nəzərə alsaq o dövrlərdə çap olunan jurnallarımızdan çoxu müxtəlif səbəblərdən fəaliyyət göstərə bilməyib. Bu gün bizim burada qeyd etdiyimiz “Mədəniyyət/Culture” jurnalının 55 yaşı çox dolğun yaşdır və böyük uğurdur. Bu jurnal yalnız Azərbaycan mədəniyyətini əhatə etmir, o həmçinin daha geniş xronoloji çərçivədə özünü təqdim edir. Burada elmi tədqiqat işləri, elmi araşdırmalar, eyni zamanda, Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətləri haqqında araşdırmalar yer alır. Bu isə çox təqdirə layiq addımdır”.
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə jurnal əməkdaşlarına xoş arzularını bildirərək deyib: “Çox şadam ki, mən bu gün bu tədbirə qoşula bildim. Neçə vaxtdır Üzeyir Hacıbəyli festivalından başlayaraq musiqi həyatımız çox zəngin, eləcə də rəngarəng keçir. Jurnalınızın 55 yaşı münasibətilə sizi və bütün əməkdaşlarınızı təbrik etmək istəyirəm və sizin AZƏRTAC-a verdiyiniz müsahibəni də oxudum, anladım ki, sizin bu işdə olan əziyyətləriniz, eyni zamanda, uğurlarınız təqdirəlayiqdir, alqışlanandır. Jurnalın hazırkı obrazı çox fərqlidir və bu gün bu jurnal həqiqətən biz sənətşünaslar, həmçinin musiqişünaslar arasında çox böyük nüfuz qazanıb. Mən özüm də dəfələrlə bu jurnala məqalələr vermişəm. Mənim Zöhrə Əliyeva ilə tanışlığım uzun illərə söykənir və o, illərlə televiziyada mədəniyyətə dair verilişlər aparıb. O, bütün bu mədəniyyət sahəsinə çox gözəl bələddir və belə bir təcrübə də özünü bu jurnalda büruzə verir. Mən bunu çox yüksək dəyərləndirirəm və Zöhrə xanıma gələcək işlərində də uğurlar arzulayıram”.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli jurnalın fəal oxucularından olduğunu vurğulayaraq qeyd edib ki, jurnalın özünü tapmayanda elektron versiyasını böyük həvəslə oxuyur: “Son nömrələrin birində mənim də Nizami Gəncəvi ilə bağlı materialım çap olunub. Bu yazı Nizami metrostansiyasında olan onun əsərlərindən ibarət illüstrasiyalar haqqında olan yazıdır. Yazımın bu jurnalda dərc edilməsindən qürur duyuram. Mən ilk dəfə Zöhrə xanımı televiziyada tanımışam. AzTV-də veriliş aparırdı və verilişin də bu günlə səsləşən çox romantik adı var idi – “Kitab köşkü”. Televiziyamızın tarixində ən intellektual aparıcılardan biri də Zöhrə Əliyevadır. Çox sevinirəm ki, Zöhrə xanım həmin ruhla, məsləklə, sevgi ilə bu işini “Mədəniyyət/Culture” jurnalına verir. Qeyd etmək istərdim ki, keçirilən bu kitab sərgisi də möhtəşəmdir. Hər bir kitab abidədir və bizdə jurnal mədəniyyətinin də ayrıca yeri var. XX əsrin əvvəllərindən bu yana açılan qəzetlər və təşkilatların adında iki söz daha çox vurğulanır - maarif və mədəniyyət. Maariflə mədəniyyət bir yerdə olanda isə daha gözəl olur. Hesab edirəm ki, “Mədəniyyət/Culture” jurnalı bu gün bizim təkcə mədəniyyətimiz üçün deyil, ümumən həyata, sənətə, teatra, kinoya və bununla birgə insanlığa bir işıqdır. Bu özlüyündə bir estetikadır, gözəllikdir. Zöhrə xanım başda olmaqla, bu işləri ərsəyə gətirən yaradıcı kollektivə təşəkkür edirəm”.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azal müəllifi olduğu “Xarıbülbül” şeirini səsləndirib.
Sonda jurnalın baş redaktoru Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinə və iştirakçılara, qonaqlara təşəkkürünü bildirib.