Günay Əfəndiyeva: “Biz əsl kitab bayramı yaşadıq” Featured

 

Başa çatmış  VIII Bakı Beynəlxalq Kitab Sərgisinin təəssüratları yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Təbii ki, təşkilatçı - Mədəniyyət Nazirliyi əsl alqışlara layiqdir. “Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır”.

Bu fikir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya məxsusdur. 

 

“Gözəl Bakımız növbəti dəfə Beynəlxalq Kitab Sərgisinə ev sahibliyi edir. Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır. İlk növbədə, qələm sahibləri öz dəyərli oxucuları ilə bir araya gəlir, kitablarını onlara təqdim edirlər. Digər tərəfdən isə sərgi çərçivəsində oxucular sevimli qəhrəmanları və onların müəllifləri ilə görüşmək, həmçinin fərqli ölkələrin nəşrləri ilə tanış olmaq fürsəti əldə edirlər. Bu bir ünsiyyətdir. Belə bir platformanın yaradılması şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual inkişafında, eyni zamanda xalqların və millətlərin öz milli kimliyini dərk etməsində müstəsna əhəmiyyətə malikdir. Bu proseslərdə kitabların rolu əvəzsizdir. 

Mənim üçün çox xoşdur ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu il yenidən VIII Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdə və dillərdə çap olunan nəşrlərini nümayiş etdirir. Bizim məqsədimiz birdir. Türk dünyasının zəngin irsini dünyaya çatdırmaq, eləcə də türk xalqlarını bir araya gətirmək və daha da yaxınlaşdırmaq” , - deyə Günay Əfəndiyeva mediaya açıqlamasında bildirib.

“Ədəbiyyat və incəsənət” portalı tanınmışların sərgi barədə təəssüratlarını dərc etməkdə davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.