2022-ci il 5-7 oktyabr tarixlərində Yunanıstanın Krit adasında yerləşən Xaniya şəhərində Avropa Şurasının (AŞ) Mədəni Marşrutlarının 11-ci illik İllik Məşvərət Forumu keçirilir. 30-dan artıq mədəni marşrutun təmsil olunduğu forumda Avropa Şurasının rəsmiləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri, bir sıra beynəlxalq təşkilatlar iştirak edir.
“Ədəbiyyat və incəsənət” pprtalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 5 oktyabr tarixində açılan Forumda Mədəni Marşrutların İdarə Heyəti üzvlərinin qapalı iclası keçirildi. İclasda ölkəmizi təmsil edən Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı 2011-ci ildən Proqrama qoşulan ilk ölkələrdən biri kimi Azərbaycanın platformanın inkişafını yüksək dəyərləndirdiyini və həm ölkələrin, həm də marşrutların sayının getdikcə artığının müsbət göstərici olduğunu vurğuladı. Mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş layihələrin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğuladı. İclasdan sonra Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin İdarə Heyətinin sədri, İsveçrə təmsilçisi Julyen Vüllemier, AŞ Mədəni Marşrutlar üzrə Universitetlər şəbəkəsinin rəhbəri, Nottinqem Trent Universitetinin professoru Mayk Robinson ilə ikitərəfli fikir mübadiləsi aparılmışdır.
Forumun ikinci günü keçirilən “Mədəniyyətlərarası dialoqun təşviqi” adlı paneli giriş nitqi ilə ölkəmizin AŞ yanında daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə məruzəçilər qrupunun sədri səfir Fəxrəddin İsmayılov açmışdır. Çıxışda Avropa Şurasında mədəni proqramların önəmi qeyd edilmiş, “Bakı Prosesi”nin əhəmiyyəti xüsusilə vurğulanmışdır. Daha sonra panelin iştirakçısı olan mədəniyyət nazirləri, müxtəlif ekspertlər, mərkəzlərinin nümayəndələri bu istiqamətdə öz təcrübələri haqda danışmışlar.
Forumda ölkəmizi təmsil edən nümayəndə heyəti ilə AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişin icraçı katibi, Mədəni Marşrutlar Proqramının direktoru Stefano Dominioni arasında da ikitərəfli görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan Araz Bağırlı ilə ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, Bakı Prosesi və bu təşəbbüs çərçivəsində nəzərdə tutulan qlobal tədbirlər haqqında qarşı tərəfi məlumatlandırılmış və birgə əməkdaşlıq imkanları haqqında danışmışdır. Bununla yanaşı, Azərbaycanın ərazisindən keçən mədəni marşrutların perspektivləri, ölkəmizlə ikitərəfli əməkdaşlıq və ölkəmizin qoşula biləcəyi yeni marşrutlar ətrafında fikir mübadiləsi aparılmışdır.
6 oktyabr tarixində həmçinin, Mədəniyyət Nazirliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP), 48 ölkədə mövcud olan “İndustrial irs” mədəni marşrutunun rəhbərliyi və müxtəlif ölkələrin mədəniyyət nazirliklərinin təmsilçiləri arasında da görüşlər keçirilmişdir.
Forumun son günü təşkil edilən B2B sessiyalar çərçivəsində ölkəmizin qoşulduğu “Qayaüstü rəsmlər” marşrutunun rəhbəri Ramon Montes, “Itervitis – şərab marşrutu” nun rəhbəru Emanuela Panke, “Zeytun Yolları” mədəni marşrutun rəhbəri Marinella Katsilieri ilə Mədəniyyət Nazirliyinin təmsilçisi Araz Bağırlı, Dövlət Turizm Agentliyinin nümayəndələri Elşən Mustafayev və Sədaqət Davudova arasında əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılmışdır.
Qeyd edək ki, ölkəmiz AŞ Mədəni Marşrutlar üzrə Genişləndirilmiş Hissəvi Sazişinə 2011-ci ildə qoşulan ilk ölkələrdən biri olmuş, 2014-cü ildə 4-cü İllik Məşvərət Forumuna ev sahibliyi etmişdir. 2017-ci ildə Bakıda keçirilən 4-cü Ümumdünya Mədəniyyətləarası Dialoq Forumu çərçivəsində mədəni marşrutlara həsr edilmiş xüsusi panel sessiyası təşkil olunmuşdur.