“MondiaCult2022” konfransı çərçivəsində nazir Anar Kərimov bir sıra mötəbər görüşlər keçirib Featured

Meksikada səfərdə olan mədəniyyət naziri Anar Kərimov bu ölkədə fəaliyyət göstərən aparıcı media təşkilatları və beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı nazir erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair məlumat verib.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 2600-dən artıq tarixi-mədəni abidənin mövcudluğu, bunlardan 706 abidənin dövlət qeydiyyatında olduğu və onların da böyük əksəriyyətinin dağıdıldığı vurğulanıb. Həmçinin, məscidlərin dağıdıldığı və İslam dinində müqəddəs olan bu din ocaqlarında heyvanların saxlanıldığı diqqətə çatdırılıb. Məscidlərlə yanaşı hətta kilsələrin də vandalizmə məruz qaldığı qeyd olunub. Azərbaycan hökumətinin bu ərazilərdə mədəni irsin bərpası istiqamətində davamlı işlər gördüyü, dağıntılara məruz qalmış, mənşəyindən asılı olmayaraq bütün tarixi-mədəni abidələrin bərpasında qətiyyətli olduğuna diqqət çəkilib. Görüş zamanı, eyni zamanda əsrlər boyu Azərbaycanda formalaşmış dözümlülük ənənələrinə dair məlumat verilib, bu sahədə ölkəmizin müxtəlif təşəbbüslərinin olduğu qeyd olunub, mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi, Bakı Prosesi və "Mədəniyyət naminə sülh" qlobal çağırışı çərçivəsində nəzərdə tutulan fəaliyyətlərə dair məlumat təqdim edilib.

 

*

Nazir Anar Kərimov Meksikada Serbiya mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviçlə də görüş keçirib. Görüş zamanı ölkələr arasında əlaqələrin bir sıra vacib istiqamətlərdə inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın da genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkilinin bu prosesə töhfə verəcəyinə inam ifadə edilib. Mədəniyyət müəssisələri arasında əlaqələrin dərinləşdirilməsi, muzeylər arasında daha sıx əməkdaşlığın qurulmasının faydalı olduğuna da diqqət çəkilib. Görüşdə həmçinin, UNESCO çərçivəsində ölkələr arasında əməkdaşlığın uğurla inkişaf etdirildiyi və bu platformada qarşılıqlı dəstək kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyinə vurğu edilib.

 

*

Səfər çərçivəsində, həmçinin, Meksika Birləşmiş Ştatlarının mədəniyyət nazirinin müavini Marina Nunyez Bespalova ilə görüş keçirilib. Nazir A.Kərimov Meksika rəsmisinə Azərbaycan ərazilərinin erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa işləri, ölkəmizin mədəniyyət siyasəti ilə bağlı ətraflı məlumat verib. Mədəni mübadilələrin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb. Meksikalı həmsöhbət mədəni irsin qorunması və mədəniyyət obyektlərinin qeyri-qanuni alverinə qarşı mübarizə sahəsində ölkəsinin geniş təcrübəyə malik olduğunu və Azərbaycana bu sahələrdə təlim və ekspertiza yardımı göstərə biləcəklərini əlavə edib. Azərbaycanın Meksikada daha yaxından tanıdılması üçün bu ölkədə Azərbaycan mədəniyyət günlərinin təşkilinin mühüm rol oynaya biləcəyi qeyd olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.