“Azərbaycanın tarixi şəhəri Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Beynəlxalq Türk Akademiyası olaraq bu münasibətlə Azərbaycan torpaqları, xüsusilə Qarabağda, Şuşada beynəlxalq arxeoloji və kəşfiyyat ekspedisiyası keçirməyi planlaşdırırıq. Təbii ki, bununla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə görüşlər keçirilir.”
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri AzərTAC-a müsahibəsində Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli bildirib.
Beynəlxalq Türk Akademiyasının 2009-cu ildə Naxçıvan Sammiti əsasında qurulmuş bir təşkilat olduğunu xatırladan Füzuli Məcidli deyib: “Qurumun mənzil qərargahı Qazaxıstanın Astana şəhərində yerləşir. Təşkilat 2016-cı ildən etibarən bir çox layihələr həyata keçirir. Onlardan biri də tarixi türk mirası istiqamətində aparılan arxeoloji qazıntılardır. Bu işlər bir neçə şəhərdə paralel şəkildə həyata keçirilir. Lakin qazıntılar ən geniş şəkildə Monqolustanda aparılır. Dövlət başçılarımızın təlimatı əsasında bizim və Monqolustanın arxeoloqlarının birgə işi nəticəsində bu ilin avqust ayında çox vacib bir kəşfə imza atılıb. Tapıntı 130 ilin ən böyük kəşfi deyilə biləcək səviyyədə bir tarixi əsəri ortaya çıxartdı. Bu, “Türk” sözünün qədim türkdilli yazılı mənbələrdə ilk qeydə alındığı bir daş kitabədir. Beynəlxalq Türk Akademiyasının üzvü olan dövlətlərimizin arxeoloqları bu işi həyata keçirdilər və belə bir nailiyyətə imza atdılar. Bilgə Xaqan, Kültegin kimi kitabələrdən sonra bu, çox əhəmiyyətli bir tarixi kəşfdir. Tapıntının əhəmiyyəti ondan ibarətdir ki, bu əsər türk yazı tarixinin və “Türk” kəlməsinin yazılı mənbələrdə istifadəsini yüz il daha əvvələ, yəni təxminən yeddinci əsrə aparır. Bu da bizim ortaq türk yazı tariximizin nə qədər qədim və zəngin olduğunu sübut edir”.
Müsahibimiz deyib: “Bu il Türkiyənin Bursa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini nəzərə alaraq Beynəlxalq Türk Akademiyası kitabənin təqdimatının Bursada keçirilməsi ilə bağlı qərar qəbul etdi. Bunun nəticəsində abidə Bursada həm fotosərgi, həm də tanıtım proqramı ilə ictimaiyyətə təqdim olundu. Qarşıdan gələn günlərdə eyni təqdimatın Bakıda, daha sonra isə bütün türk dünyası ölkələrinin paytaxtlarında keçirilməsi nəzərdə tutulur. Son olaraq bu ilin sonunda 15 dekabr - “Beynəlxalq Türk Dili Günü” münasibətilə Fransanın Paris şəhərində yerləşən UNESCO-nun mənzil qərargahında bu tapıntının beynəlxalq səviyyədə nümayişi keçiriləcək”.