Xəbər verdiyimiz kimi, 19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, birinci iş günü mədəniyyət paytaxtımız Şuşada, ikinci günü Bakıda gerçəkləşən konfrans sentyabrın 20-də “Yaradıcı iqtisadiyyat üçün potensialın inkişafı və təhsilin əhəmiyyəti” mövzusunda sonuncu – dördüncü panellə işini başa vurub.
Panelin moderatoru, “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova çıxışçıları təqdim edib.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında dayanıqlı və uğurlu iqtisadiyyat məsələsinə toxunaraq qeyd edib ki, əslində, bütün ölkələrdə qanunvericiliyi və sərmayələri tənzimləyən sənədlər, demək olar ki, eynidir: “Bu ölkələri fərqli edən insan amilidir. İnsanlar fizioloji olaraq eynidir. Onları bir-birindən fərqləndirən isə mədəniyyətdir. Deməli, sənəti gerçəkliyə aparan mədəniyyətdir. Uğurlu olmaq istəyiriksə, mədəniyyətimizi tənzimləməliyik. Bizim əsrlərin süzgəcindən keçmiş mədəniyyətimiz var. Düşünürəm ki, peşəmizdən, fəaliyyət sahəmizdən və biliyimizdən asılı olmayaraq, öz mədəniyyətimizi tanımalı və ona sahib çıxmalıyıq”.
“Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit bildirib ki, Böyük Britaniya öz sistemini elə qurub ki, onun rəssamları digər sahələrlə eyni imkanlara malik olsunlar. Britaniyada bu sahəyə dövlət tərəfindən investisiyalar ayrılır. Şuşa şəhərinə səfərin onun üçün çox unudulmaz bir xatirə olduğunu söyləyən Emili Smit vurğulayıb ki, mədəniyyət iqtisadiyyatı sahəsi üzrə Şuşada müxtəlif işlər görmək üçün böyük potensial mövcuddur.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov söyləyib ki, ölkəmizdə ənənəvi mədəniyyəti iqtisadiyyatın sektoruna çevirmək üçün Qarabağdan başlamaq lazımdır.
Multidisiplinar dizayner Nejla Güvenc Türkiyədə yaradıcı mədəniyyət sahəsi ilə bağlı vəziyyət haqqında fikirlərini bölüşüb. Söyləyib ki, mədəniyyət iqtisadiyyatının inkişafı üçün qeyri-hökumət təşkilatları da fəal şəkildə çalışmalıdır.
“Re-Fresh Global” şirkətinin həmtəsisçisi Revital Nadiv deyib ki, ideyaları reallaşdırmaq üçün gənclərə meydan vermək lazımdır: “Səhv etmək azadlığımız yoxdursa, yeni bir ideya yarada bilmərik. Hansısa uğursuzluqdan qorxmaq lazım deyil. Biz gənclərə bu sahədə bir sıra imkanlar aça bilərik. Bunun üçün sınaqlar keçirməliyik. Sözsüz ki, bunları təkbaşına edə bilmərik. Bu sahə üzrə müxtəlif mütəxəssislər lazımdır”.
Revital Nadiv çıxışının sonunda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevə tekstil tullantılardan hazırlanan ətir və yeni parça növü hədiyyə edib.
Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Elnur Əliyev konfransda iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.