“Cultural Network House” Azərbaycan mədəni irsinin təbliğini beynəlxalq müstəvidə davam etdirir

 

“Cultural Network House” Assosiasiyası (“Mədəniyyət Şəbəkələr Evi”) ötən həftə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma vakfının sədri Aygün Attarın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan ATİV, TİKA, Türkiyə Mədəniyyət Nazirliyinin, Türk Tarix Qurumumun təmsilçiləri, ictimai xadimlər, hüquqşünaslar və müxtəlif sahələri təmsil edən elm adamlarından ibarət heyəti öz ofisində qonaq edib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, “Köklü keçmiş, güclü gələcək” simpoziumun iştirakçıları, səfərin ikinci günündə “Cultural Network House” tərəfindən təşkil olunan mədəniyyət mübadiləsi gecəsində iştirak ediblər.

Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunduqdan sonra, tədbirə ev sahibliyi edən assosiasiyanın sədri Aynur Süleymanzadə qonaqlara assosiasiya və onun ərsəyə gətirdiyi layihələr haqqında ətraflı məlumat verib. 

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin rəisi Azad Cəfərli öz təqdimatında 30 illik işğal dönəmində Azərbaycanın mədəni abidələrinə vurulan zərər və azad edilmiş torpaqlarımızda yerləşən abidələrin bərpası, qorunması və bu mədəni irsin dünyaya tanıdılması istiqamətində aparılan işlər barədə qonaqları məlumatlandırıb. 

Tədbirdə Qarabağın mədəni abidələrinin işğaldan sonrakı vəziyyəti və bərpasını özündə əks etdirən “Şuşa” kitabının təqdimatı keçirilib.

Qonaqlar "Cultural Network House” Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirərək, mümkün ola biləcək elm və mədəni işbirliyinin yolları barədə müzakirələr aparıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.