Təbii ki, cəmiyyəti daim maraqlandıran gündəm mövzular vardır. Bunlardan biri də virtual tanışlıqların insani münasibətlərə nüfuzudur. “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi növbəti mövzu bu barədədir.
"Son illərdə demək olar ki, bir-biri ilə paralel gedən boşanma və evlənmə faizi günümüzdə ən çox müzakirə olunan mövzulardan biridir. Cütlüklərin tanışlıq hekayəsini dinləyən zaman online platformada tanış olaraq görüşüb daha sonra evlənməyə qərar verən gənclərin sayının artdığı müşahidə olunur".
Bu fikirləri psixoloq Sona Davudova bildirir. O, sosial media platformaları sayəsində tanışlıq xüsusən ənənəvi kişi-qadın münasibətlərində yeni və yaşandıqca öyrənilən bir fenomenə çevrildiyini qeyd edir:
"Yeni ortaq məkan ənənəvi ümumi məkanları əvəz etdikcə, yeni dəyərlər və yeni münasibət formaları buna uyğun olaraq ortaya çıxmağa başladı.Yeni bir dil, yeni bir mədəniyyət, yeni bir anlayışla ənənəvi məhrəmiyyət anlayışı da köklü dəyişikliklərə məruz qaldı. İndi həmin dəyərli olan bu konsepsiya "fərdi təcrübə" adlanmağa başladı. Yetkinlərin bu romantik münasibətlər təcrübəsi bəzi hallarda ənənəvi münasibətləri bəsləsə də, bəzi hallarda bu münasibət formalarını da təhdid edir. Gələcəklərini məhdud sayda insanla davam etdirmək məcburiyyətində qalmadıqlarını və virtual əlaqələrdən qaynaqlandıqlarını düşünən insanların çox sürətli qərarlar verdiklərini və həyat formalarını dəyişdirdiklərini görürük. Bu sürətli dəyişiklik isə artıq ailə dəyərlərinə vurduğu ziyanla özünü göstərir".
Psixoloq bildirir ki, xüsusən gənclərin ailələrini narahat edən virtual tanışlığa ilkin yanaşmanın şübhəli, inamsız olması da başa düşüləndir:
"Çünki internet dövrünün inkişaf üçün avantajları olduğu kimi, insanlara güclü psixoloji travmalar yaşadacaq qədər dezavantajları da var. Sosial media başqaları ilə ünsiyyəti asanlaşdırır. Harada internet və telefon varsa, orada insanlarla tanış ola, 'dost' olub danışa bilərik. Televiziya və xəbər saytlarında tez-tez oxuduğumuz, dinlədiyimiz cinsi istismar, şantaj və s. kimi xoşagəlməz hadisələr də məhz virtual tanışlığın nəticəsi olaraq baş verə bilir. Bundan əlavə, sosial şəbəkədə insanların özləri haqqında yaratdıqları təəssürat, paylaşılan şəkillər, yazılan statuslar, şəxsi məlumatlar və s. bəzən nəinki reallığı əks etdirmir, hətta tamamilə yalan ola bilir. Xüsusilə fərqli demoqrafik xüsusiyyətlər və yaş qrupları bu kimi mənfiliklər üçün əsas hesab edilə bilər. Bu baxımdan sosial media bu sahədə aldatmaq istəyən bir insan üçün daha asan bir zəmin hazırlaya bilər. Bununla birlikdə, bir insanın aldatmaq üçün sosial mediaya ehtiyacı olmadığını nəzərə almaq lazımdır".
Sona Davudova bildirir ki, bəzi nəzəriyyəçilər virtual mühitdə ortaya çıxan münasibətləri azadlıq üçün bir fürsət kimi qəbul edərkən, bəzi nəzəriyyəçilər bunu yeni və daha mürəkkəb bir bağlanma növü və azadlıq itkisi kimi şərh edirlər:
"Buna uyğun olaraq inkişaf edən sosial media və yeni sosiallaşma nümunələri, yalnız quruluş baxımından ənənəvi sosiallaşma nümunələrindən fərqlənmir, eyni zamanda müxtəliflik baxımından böyük bir dönüşüm və sıçrayış yaratdı. Virtual münasibətlərin bu avantajı fiziki coğrafiya və təmasla məhdudlaşmayan sosial media əlaqələri, qlobal əlaqələrin də çox sürətlə qurulmasını və inkişaf etdirilməsini təmin etdi. Lakin bu müxtəliflik insanlar arasındakı münasibətlərin dərinləşə bilməməsinin səbəblərindən biri kimi də qəbul edilə bilər".