Səbail rayon Mərkəzi Kitabxanasının binasının əsaslı təmirdən sonra açılışı olub

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mərkəzi Kitabxanasının binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mərasimdə  mədəniyyət naziri Anar Kərimov, nazirliyinin əməkdaşları, kitabxananın kollektivi iştirak edirdi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev nazir Anar Kərimova kitabxanada yaradılan şəraitlə bağlı məlumat verdi.

Bildirildi ki, 600 kv m sahəsi olan kitabxana müasir standartlara uyğun təmir edilib, yeni inventar və avadanlıqlarla təchiz olunub. Kitabxananın interyeri yeni üslubda, fərqli şəkildə qurulub. Yeni nəsil kompüterlərlə, sürətli internet və wifi zona ilə təchiz olunan kitabxanada oxucuların hər sahədə daha geniş məlumat əldə etmələri üçün şərait yaradılıb. Onlar latın qrafikalı əlifba ilə nəşr olunmuş elmi-kütləvi və bədii ədəbiyyat, dərsliklər, müxtəlif  ixtisaslar üzrə kitablarla zənginləndirilmiş fonddan rahat şəkildə istifadə edə biləcəklər. Müasir formada oxu masaları, kitab rəfləri də istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanıb.

Mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, kitabxanalar maarif, elm ocağı olduğu üçün belə bir müəssisələrin müasir tələblər səviyyəsində qurulmasının böyük önəmi var: “Çünki elm, mədəniyyət kitabdan başlayır. Sirr deyil ki, indiki dövrdə kitaba maraq getdikcə azalır. Ancaq biz kitaba və mütaliəyə olan marağı artırmaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün müasir üsullardan yararlanmalı, gənclərimizi kitabxanalara cəlb etməliyik. Mədəniyyət Nazirliyi tərəfindən də bu istiqamətdə zəruri köməklik göstəriləcək”.

Anar Kərimov kitabxana kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Qeyd edək ki, kitabxana 1924-cü ildə yaradılıb. 1936-cı ildən Maksim Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu kimi fəaliyyət göstərib. 2011-ci ildə Mərkəzi Səyyar Kitabxana Fondunun əsasında Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası yaradılıb. Mərkəzi Kitabxananın 6 kitabxana-filialı var.

Bakı şəhər kütləvi kitabxanaları arasında ilk dəfə Səbail rayon Mərkəzi Kitabxanasında elektron kataloq təşkil edilib. Kitabxanada “Oxuculara xidmət şöbəsi”, “Uşaq şöbəsi”, “Komplektləşdirmə və kitabişləmə”, “Metodika və biblioqrafiya”, “İnformasiya-resurs” və “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbələri fəaliyyət göstərir. Bundan başqa, kitabxananın saytı (sabail.cls.az) və elektron kataloqu istifadəçilərin ixtiyarındadır.

İl ərzində Mərkəzi Kitabxana və filiallar  vasitəsilə ümumilikdə 50 mindən oxucu müraciəti üzrə ənənəvi və virtual xidmət göstərilir. Hazırda Mərkəzi Kitabxananın fondu 268 min nüsxə təşkil edir, oxucuların sayı 13509 nəfərdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.