Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdilər.
Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı Nazirlik nümayəndələrini qədim zamanlardan başlayaraq bu günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponatın qorunub saxlanıldığı muzeyin fondları ilə tanış etdi. Eyni zamanda, muzeyin nəşrləri və ekspozisiyada sərgilənən dəyərli eksponatlar barədə məlumat verdi. O, həmçinin muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası və burada həyata keçirilən bərpa və konservasiya işlərindən danışdı.
Nazir Anar Kərimov çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. O, həmçinin zəngin tariximizin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac olduğunu vurğuladı. Nazir qeyd etdi ki, muzeydə tədqiqat işinə böyük diqqət ayrılmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı və araşdırmaların xarici dillərə tərcüməsi təmin olunmalıdır. Bununla da Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına töhfə verə biləcəyimizi muzey əməkdaşlarının diqqətinə çatdırdı.
Nazir Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət nümunələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği istiqamətində xidmətlər göstərən Milli Azərbaycan Tarixi Muzeyinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinin daha səmərəli işlərin həyata keçirilməsinə imkan verəcəyini vurğuladı.
Görüş çərçivəsində muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.