Bu gün operanın banisi Cakomo Meyerberin, fotokameranın və Morze əlifbasının günüdür

 

4 sentyabr. Beynəlxalq Saqqal Günü

 

Bəli, məhz saqqal günü. Sentyabrın ilk şənbəsi ənənəyə görə belə bir gün qeyd olunur. Bu, saqqallı insanların günüdür. Yəni, kim saqqal saxlayırsa bu günü qeyd edə bilər. Skandinav ölkələrində və Amerikada xüsusən bu bayram coşqu ilə qarşılanır. Saqqallı insanlar yeyib-içmə kampaniyaları keçirir, təbiət qoynuna gedir, əylənirlər.

 

Ta qədimdən saqqal saxlamaq üz qırxmaq anlayışı meydana çıxmadığı üçün gündəmdə idi. Üzü təraş etmək qaydaları təzbit olunduqdan sonra kimlərsə buna qarşı çıxdılar, saqqal saxlamağı üzü soyuqdan qorumaq vasitəsi hesab etdilər. Hansısa zamanda din təraşı haram buyuranda bu dəfə məhz dini kurallara uyğun olaraq saqqal saxlanıldı. Hazırda isə saqqal yalnız bir dəb vasitəsidir.

 

Daha nə demək olar? Bəlkə bunu ki, bir dəfə media aşkarlamışdı ki, cəmi bir həftə ərzində dalbadal Britaniya şahzadəsi Qarri, aktyor Tom Xardi, aktyor Bred Pit, futbol əfsanəsi Devid Bekhem, aktyor Jonni Dep, eləcə də Leonardo di Kəprio, Çak Norris və Şon Konneri saqqal saxlamağa başlamışlar. İmkanlılar və ünlülər saqqal saxlayırsa, demək, burada bir hikmət mütləq var. O ki qaldı Azərbaycana, bizdə saqqal dəbi yoxdur, yalnız dini baxımdan saqqal saxlayanlara rast gəlinir, gənclərsə ərindiklərindən üzlərini qırxmırlar. Azərbaycanın mərhum eks prezidenti Əbülfəz Elçibəydə, mərhum şair Xəlil Rza Ulutürkdə, aktyor Mikayıl Mirzədə... xatırlayın, daha kimlərdə saqqal görmüsünüz?

 

4 sentyabr. Moskva şəhəri günü

 

Əhalimizin nə qədəri Rusiyada, onun da nə qədəri Moskvadadır. Barı, oradakılar bilsinlər ki, bu gün Moskvada şəhər günü qeyd ediləcək, əhali gəzintiyə, alış-verişə çıxacaq. Dükan-bazar, kafe-restoran işlədənlər ən azı alverlərinin ikiqat artacağını göz önünə alsınlar. Vətənpərvərlərimiz isə hansısa bir izdiham olan yerdə bir-iki kəlmə Qarabağ şüarı səsləndirsinlər. Düşmən hər vasitədən istifadə edir, biz niyə etməyək? Konditerlərimiz İrəvan xanlığı adında tort, kababçılarımız Xankəndi lüləsi adı altında kabab çıxarsınlar süfrəyə. Qoy ruslar yeyib hayıl-mayıl olsunlar, bu adları da ölənədək xatırlasınlar.

 

4 sentyabr. Ümumdünya Taekvondo Günü

 

Əsil bizlik bayramdlır. Nə qədər medallarımız var bu idman təmrini üzrə. Rəhbərlikdə təmsil olunan Füzuli Musayevlə, Niyaməddin Paşayevlə hətta tanışlığım da var. Azərbaycanda qara kəmər daşıyıcılarının sayı 500 nəfərdir. Var olsun Azərbaycan idmanına şərəf gətirən taekvondoçularımız. O ki qaldı bu bayramın mənşəyinə, 1994-cü ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi taekvondonu olimpiya idman növü kimi təsdiqləyib.

 

4 sentyabr. Fotokameranın və Morze əlifbasının yaranışı

 

Argentinada mühacir günüdür. Bu gün barədə heç bir rəsmi açıqlama tapmasam da onu deyə bilərəm ki, bu Cənubi Amerika ölkəsi ən çox erməniləşmiş ölkələr sırasındadır, ona görə də mühacirdən söz düşərkən, şübhəsiz, ermənilər xatırlanır. Belədə, qəhr olsun belə bir gün. Yeri gəlmişkən, düşmən ölkənin özündə isə bu günü Xilaskar günü kimi qeyd edirlər. Tarixləri tam saxta olduğundan xilaslkarları da saxtadır deyibən növbəti ölkələrə adlayıram. İranda kooperasiya, Moldovada və Ukraynada gömrükçü, Almaniyada qəhvə günüdür, Amerikada yenə də birdən-birə 3 bayram bir-birinə qarışıb,  bekon (bu, donuza aid yarımət, yarımpiy kəsimdir), makadami qozu və üstəlik avtomobillə piknik günüdür. (Bu xalq necə belə qayğısızdır, Tanrım!)

 

2017-ci ilin bu günündə astronomlar səmada 100 min günəş kütləsinə bərabər qara dəlik aşkar edərək həyəcan təbili çalıblar. 1888-ci ildə Corc İstmen fotokameraya patent alıb və “Kodak” adlı ilk ticarət markasını qeydiyyatdan keçirib. 1886-cı ilin bu günündə Arizonada sonuncu qırmızıdərili hindu – Ceronimo amerikalı ağlara təslim olub. 1837-ci ildə amerikalı ixtiraçı Samuel Morze məlumatları işarə ilə çatdıran elektromexanik teleqraf aparatını kəşf edib, beləcə Morze əlifbası peyda olub.

 

Sənədli filmləri sevirsinizmi? 1897-ci ilin bu günündə sənədli film janrının banilərindən biri, sovet rejissoru Mixail Kaufman doğulub. Vişnevski mazından istifadə edirsinizmi? 1874-cü ildə o mazı yaradan rus hərbi cərrahı Aleksandr Vişnevski doğulub. Böyük operaları necə, xoşlayırsınızmı? 1791-ci ildə onların ilk yaradıcısı, alman bəstəkarı Cakomo Meyerber dünyaya gəlib.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.