Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 67 hərbi qulluqçudan biri Azad Kərimovdur.
Şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə aparılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Daş Salahlı kəndində rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin izdihamlı vida mərasimi keçirilib. Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər Xiyabanında dəfn olunub.
Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. O, ailəli idi, iki övladı yadigar qalıb.
Və bir məlumatı da diqqətinizə çatdıraq ki, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. O, Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı.
Azərbaycan qadınları üçün müharibə xüsusən dəhşət saçır. Həyat yoldaşı şəhid olan qadınlar var ki, sonradan övladları da şəhid olur. Bizim əhvalatımızda isə atasının şəhidliyinin acılarını yaşamış xanım indi də həyat yoldaşının şəhidliyinin sarsıdıcı zərbəsini aldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!