Yusif Məmmədəliyev, Heydər Hüseynov, Səməd Vurğun, İsa Həbibbəyli...

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranması günüdür

 

1921-ci il avqust ayının 26-da xalqımızın böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olmuşdur. ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır.

“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, ADPU respublikamızda yüksəkixtisaslı pe-daqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Hazırda universitet öz şərəfli və müqəddəs missiyasını uğurla yerine yetirir. Eyni zamanda fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamışdır. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun daha geniş miqyasda artmasında, yüksəlməsində mühüm rol oynamışlar. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü– Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.

Universitetin məzunları bu gün respublikamızın müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, həmçinin dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərirlər. ADPU-nun bölgələrdə 5 filialı var. Xüsusən Quba filialının məqsədyönlü fəaliyyətini diqqətə çəkmək olar. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir.

ADPU-də indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlanmışdır. Hazırda universitetdə Filologiya, Tarix və Coğrafiya, Riyaziyyat və İnformatika, Kimya və Biologiya, Fizika və Texnologiya, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə və ÇQH, İbtidai təhsil, Məktəbəqədər təhsil, Psixoloji Xidmət və Korreksiyaedici təlim ixtisasları üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 12 fakültə və 55 kafedra fəaliyyət göstərir. Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru və professor, 329 nəfəri isə fəlsəfə doktoru və dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir. Hazırda universitetin əyani və qiyabi şöbələrində 21 minədək tələbə təhsil alır.

ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Məzunlara Təhsil Nazirliyinin təq­dim etdiyi təhsil işçilərinə tələbat bölgüsü əsasında təyinat verilir.

Doğum günün mübarək, ADPU!

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.