Avqustun 26-sı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı siyasi elmlər doktoru Adəm İsmayılovun “Xeyirxahlıq mücəssiməsi” yazısını oxucularına təqdim edir.
Mehriban xanım Əliyeva xalqımızın, əsasən də imkansız ailələrin, uşaqların və yaşlı insanların maraqlarını müdafiə edən böyük xeyriyyəçidir. O, uşaqlara və imkansız ailələrə daimi qayğısı, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsi, ümummilli lider Heydər Əliyevdən bizə miras qalan tolerantlıq və əməksevərlik ruhunda tərbiyə olunması üçün bütöv bir dəyərlər sistemini yaratması ilə insanların məhəbbətini qazanıb.
Hüdudsuz xeyriyyəçilik fəaliyyəti Mehriban Əliyevanın xalqına səmimi məhəbbətlə dolu geniş ürəyinin çağırışıdır. Ehtiyacı olanlara yardım göstərmək, sadə insanlara xeyirxah və həssas yanaşmaq Mehriban xanımın pak və nümunəvi obrazının təbii süjetini təşkil edir, nəsildən-nəslə ötürülən həqiqi humanizm ənənələrini davam etdirir.
Birinci xanımın bu xüsusiyyəti onun hər zaman, istənilən, hətta ən ümidsiz məqamda kömək etmək, mövqe tutmaq səyindəki səmimiyyətin təzahürüdür. İnsanlara yaxın olması, onları öz nümunəsi, mənəvi dözümlülüyü ilə ruhlandırması, mütərəqqi gələcəyə inamı bütün insanların qəlbində ona parlaq məhəbbət və dərin minnətdarlıq hissi aşılayır.
Təəccüblü deyil ki, Mehriban Əliyeva hər gün respublika vətəndaşlarından xeyli sayda məktublar alır. Çünki insanlar ehtiyaclarının, problemlərinin həllində ondan yardım tapacağına əmindirlər.
Mehriban xanım istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra əhalinin həssas təbəqələrinin, xüsusən də, məcburi köçkünlərin problemlərinin həllinə xeyli vaxt ayırır. Mehriban xanım Birinci vitse-prezident statusunda ilk görüşünü Bakıda və Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni evlərə köçürülməsinə həsr etmişdir.
2004-cü ildən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təhsil və sosial sahədə aktiv fəaliyyətə, ölkədə xalqın rifahının yaxşılaşdırılmasına, təhsilin və incəsənətin inkişafına yönəlmiş çoxsaylı layihələrin həyata keçirilməsinin episentrinə çevrilmişdir.
Mehriban xanımın bəşəri dəyərlərə söykənən xeyriyyəçilik konsepsiyası ölkəmizi sivilizasiyalararası dialoq səviyyəsinə yüksəltmiş, Azərbaycanın bu sahədə də nüfuzunu görünməmiş zirvəyə qaldırmışdır.
Heydər Əliyev Fondunun maliyyə və tikinti layihələrinin həyata keçirilməsi nəticəsində yüzlərlə uşaq bağçası, uşaq evləri, parklar, məktəblər, idman kompleksləri tikilmiş və yenidən qurulmuşdur.
Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" və digər proqramlar təhsilin bütövlükdə inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanan "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramı çərçivəsində 500-ə qədər məktəb binası istifadəyə verilmişdir ki, hazırda bu məktəblərdə 100 mindən çox şagird təhsil alır. "Uşaq bağçalarının və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində isə 40-a qədər uşaq müəssisəsi əsaslı təmir olunmuşdur.
Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə xüsusi diqqəti son dərəcə mühüm layihələrdə və "Şəkərli diabetli uşaqlara yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və tikintisi" adlı çoxsaylı xeyriyyə aksiyalarında öz əksini tapmışdır. Həyata keçirilən bu layihələrin müxtəlif perspektivləri müasir Talassemiya Mərkəzinin, Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinin, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiyası Mərkəzinin, Cərrahiyyə və Mərkəzi Neftçilər Xəstəxanasında Orqan və Transplantasiya Mərkəzinin, Uşaq Psixonevroloji Mərkəzinin və digər səhiyyə müəssisələrinin tikintisinə və əsaslı təmirinə səbəb olmuş bu fəaliyyət təkcə Bakını deyil, regionları da əhatə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkənin müxtəlif şəhərlərində tibbi maska istehsalı fabriklərinin, modul tipli xəstəxanaların yaradılmasına təşəbbüs göstərmiş və açılışında iştirak etmişlər.
Dünyanı bürüyən COVID-19 pandemiyası zamanı Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük!" sosial layihəsi çərçivəsində on minlərlə ailəyə ərzaq yardımı göstərilmişdir. Karantin rejimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan qanvermə aksiyasına ölkənin demək olar bütün təbəqələrindən olan insanlar qoşulmuşdu.
Ümumiyyətlə, tibb müəssisələrinin yenidən qurulması və müasir avadanlıqla təchiz olunmasında Mehriban xanımın titanik səyləri həmişə böyük fayda verib. Belə ki, onun təşəbbüsü ilə Türkan qəsəbəsində poliklinika, təcili yardım stansiyası, aptek, Xəzər rayonunun Şüvəlan kəndində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinikalar yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.
Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna hədiyyə edilmiş 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə təhvil verilmişdir. Fransanın "Servye" şirkəti tərəfindən Fonda bağışlanan "Diabeton MR" preparatları şəkərli diabetdən əziyyət çəkən insanlara paylanmışdır.
Təkcə 2007-ci ildə ürək xəstəliyindən əziyyət çəkən 1 300 uşaq müalicə olunmuş, onlardan bəziləri bir sıra xarici ölkələrin ən yaxşı klinikalarına əməliyyat olunmaq üçün göndərilmişdir.
Həmin dövrdə Heydər Əliyev Fondu Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birlikdə "Şəkərli diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirmişdir. Azərbaycanda həyata keçirilən bu layihə çərçivəsində 2004-2006-cı illər ərzində 14 yaşınadək şəkərli diabetdən əziyyət çəkən uşaqlar mütəmadi olaraq lazımi miqdarda insulin və şprislərlə təmin edilmişdir.
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində xəstəliyin Azərbaycanda geniş yayıldığını nəzərə alaraq, müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin əsası qoyulmuşdur. Bununla yanaşı, Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin edilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika ilə xəstəliyin proqnozlaşdırılması məqsədilə donor xidməti də fəaliyyət göstərir.
Birinci vitse-prezident Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti təhsil sahəsindən də yan keçməmiş, onun rəhbərliyi ilə Fond müxtəlif təhsil ocaqlarını dərs vəsaitləri və digər ədəbiyyatlarla təmin etmişdir. Belə ki, Rusiyanın "Puşkin kitabxanası" Fondu ilə əməkdaşlıq çərçivəsində son illərdə elmin müxtəlif sahələrinə aid Rusiyada nəşr edilmiş 5 minə yaxın kitab respublikamızın ali təhsil müəssisələrinə verilmişdir. "World Vision" təşkilatı tərəfindən Fonda hədiyyə edilmiş və xüsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-ə yaxın nəfis tərtibatlı kitab uşaq evləri və internat məktəblərinə paylanmışdır.
Ali təhsil müəssisələrinə dünya üzrə maliyyə xidmətləri göstərən ən böyük Amerika şirkəti olan "JP Morgan" tərəfindən Fonda bağışlanan müxtəlif adlarda xaricdə nəşr edilmiş kitablar verilmişdir.
Mehriban xanımın xeyriyyəçilik kredosu respublikanın bütün əhalisinin tam və mütləq dəstəyini almışdır. Hələ 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə o, "İlin qadını" adına layiq görülmüşdür. 2005-ci il iyunun 9-da isə ictimai xeyriyyəçilik və himayədarlıq fəaliyyətinə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə mühüm töhfəyə görə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Mehriban Əliyeva Rusiya "Əsrin himayədarları" Xeyriyyə Fondu Beynəlxalq Təşkilatı tərəfindən "Yaqut Xaç" ordeni ilə təltif edilmişdir.
Mehriban xanım "The Business Year" jurnalına 8 may 2012-ci il tarixli müsahibəsində Azərbaycan dövlətində humanitar sahənin inkişafının müəyyən nəticələrinə yekun vuraraq bu prosesin gedişinə bir dövlət xadimi, ictimai xadim prizmasından yanaşmışdır: "Azərbaycanın uğurları göz qabağındadır. Dövlət büdcəsi 16 dəfə artıb, minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman obyekti tikilib. Yoxsulluğun səviyyəsi 5 dəfə, 49 faizdən 9 faizə endirilib. Sevimli Bakımız çox dəyişib, Azərbaycanın bölgələri də dəyişib. Bu, ölkədəki inkişafın miqyasını və dərəcəsini əyani şəkildə nümayiş etdirir. Buna baxmayaraq, qeyri-kommersiya sektorunda hələ çox işlər görülməlidir. İlk növbədə, mədəniyyət sahəsində. Bu gün Azərbaycan daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma bizim tariximiz, mədəniyyətimiz də mühüm milli irsdir. Biz də lazımi sosial layihələri gözləyirik, lakin sosial-iqtisadi inkişaf hələ o səviyyədə deyil".
Mehriban Əliyeva Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərin də ehtiyaclarını daim diqqət mərkəzində saxlayır. Onun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda fədakarcasına mübarizə aparmış müharibə iştirakçılarına belə münasibəti təkcə respublika ərazisində yaşayanlar üçün deyil, həm də hazırda başqa dövlətlərin vətəndaşı olanlar üçün xarakterikdir. Onlardan biri də Azərbaycan Hərbi Hava Qüvvələrinin əfsanəvi pilotu, 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından təqaüdə çıxmış, hazırda Ukraynada yaşayan Aleksey Şvarevdir. Qızının onurğa beyninin ağır xəstəliyinə tutulması barədə məlumat alan Mehriban xanımın adından qəhrəman pilotun ailəsinə yardım edilmişdir.
Mehriban xanım istər 44 günlük Vətən müharibəsindən əvvəl, istərsə də ondan sonra əhalinin həssas təbəqələrinin, xüsusən də, məcburi köçkünlərin problemlərinin həllinə xeyli vaxt ayırır. Yeri gəlmişkən, Mehriban xanım Birinci vitse-prezident statusunda ilk görüşünü Bakıda və Sumqayıtda yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni evlərə köçürülməsinə həsr etmişdir. Bu görüşdən dərhal sonra müvafiq tədbirlər planı hazırlanmış, real işlərə başlanılmış və qısa müddətdə 300 minə qədər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Nəticədə, 5 923 məcburi köçkün ailəsi, 2019-cu ilin birinci rübündə isə bu kateqoriyaya aid olan daha 2 227 ailə yeni mənzillərə köçürülmüşdür.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2016-cı ilin aprel döyüşlərində sağlamlığını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilmişdir.
Birinci xanım 44 günlük Vətən müharibəsində Böyük Qələbədən sonra Azərbaycan xalqına müraciətində şanlı Azərbaycan əsgərlərinin qəhrəmanlığından, fədakarlığından və yüksək peşəkarlıq hazırlığından qürur hissi ilə danışmış, eyni zamanda, döyüş əməliyyatlarında həlak olan əsgərlərimizi kədər hissi ilə yad edərək demişdir: "Bu gün şəhidlərimizin ailələri ilə birlikdə yas tuturam, Vətən uğrunda canından keçməyə hazır oğullar böyüdən valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı əbəs yerə tökülmədi - tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Tariximizə əbədi yazılan qələbə! Bu Qələbənin nəyin bahasına qazanıldığını xatırlamaq hər birimizin borcudur! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə əbədi qalacaqlar. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Ailələrinə və yaxınlarına güc və səbir. Qoy Uca Allah Azərbaycanı və Azərbaycan xalqını qorusun!".
Qədim yunan filosofu Platonun fikrincə, yaxşı işlər özümüzə güc verir və başqalarını da yaxşı işlər görməyə təşviq edir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işləri nəinki insanların yaddaşında əbədi qalacaq, Vətən tarixinə qızıl hərflərlə yazılacaq, həm də başqalarını xeyirxah işlər görməyə ruhlandıracaq!
Prezident İlham Əliyevin 2021-ci il avqustun 25-də imzaladığı "Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında" Sərəncam Mehriban xanımın bu istiqamətdəki fəaliyyətində əsl bələdçi oldu. Ötən il təkcə Abşeron rayonunda müharibə veteranlarına və Vətən müharibəsi qəhrəmanlarına 300 mənzil, müharibə əlilləri üçün isə 50 minik avtomobili verilmişdir. Rayon ərazisində iki böyük yaşayış kompleksi yaradılmışdır. Birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər iki kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz olunub.
Bu, uzun illərdir bütün respublika üçün xarakterikdir. Belə ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10500 mənzil və fərdi yaşayış evi verilmişdir. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək.
2018-2020-ci illərdə bu kateqoriyadan olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiya isə 60 faiz artmış, müharibədən sonrakı dövrdə isə 26 min nəfərə 36 min xidmət göstərilmişdir.
Prezident İlham Əliyev 2021-ci il avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və minik avtomobillərinin verilməsi mərasimindəki çıxışında qeyd etmişdir: "Müharibə başa çatdıqdan sonra 9 min nəfərə sosial müavinət verilib. Orta hesabla hər adam iki ödəniş alırdı. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin olunublar. Belə imkanlar yaradılıb, son nəsil protezlər alıblar. Mənə verilən məlumata görə, 180-dən çox insanın protezə ehtiyacı var, onlardan 140-ı artıq onlarla təmin olunub və bu protezlər onları normal həyata qaytarır...".
Bütün bunların məcmusu əyani və əsaslı şəkildə onu göstərir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xeyirxahlığı ilə bu proses ardıcıllıqla həyata keçirilir.
Təbiət gözəlliyinin mütləq harmoniyasını özünün əqli, intellekti ilə təcəssüm etdirən Mehriban xanım Əliyevanın qeyri-adi şəxsiyyəti nümunəvi həyat yoldaşı, qayğıkeş ana, möhtəşəm ictimai və dövlət xadiminin misilsiz örnəyidir.
Qədim yunan filosofu Platonun fikrincə, yaxşı işlər özümüzə güc verir və başqalarını da yaxşı işlər görməyə təşviq edir. Şübhə yoxdur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah işləri nəinki insanların yaddaşında əbədi qalacaq, Vətən tarixinə qızıl hərflərlə yazılacaq, həm də başqalarını xeyirxah işlər görməyə ruhlandıracaq!