Çexiyanın paytaxtı Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı işə başlayıb.
AzərTAC xəbər verir ki, bu mötəbər tədbirdə ölkəmizi ICOM Azərbaycan Milli Komitəsi böyük nümayəndə heyəti ilə təmsil edir.
“Muzeylərin gücü” devizi altında keçirilən baş konfransın birinci günündə ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova milli komitənin üç illik fəaliyyəti barədə hesabatı təqdim edib. O, həmçinin ICOM-un Etnoqrafiya muzeyləri və kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin konfransında “İnklüziv muzey” mövzusunda çıxış edib.
Şirin xanım üçillik hesabatda 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, 2020-2021-ci illərdə karantin dövründə muzeylərin onlayn fəaliyyəti, virtual tur layihələrinin hazırlanması, 44 günlük Vətən müharibəsi zamanı aparılan təşviqat kampaniyaları haqqında ətraflı məlumat verib.
“İnklüziv muzey” mövzusunda çıxışında isə Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi zəngin təcrübəsi, bu sahədə tətbiq olunan yeniliklər, reallaşdırılan layihələr barədə danışıb. Rəhbərlik etdiyi müəssisənin inklüziv fəaliyyətinin xarici muzey və təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Milli Komitənin sədrinin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onlar Azərbaycan Milli Xalça Muzeyinin nəfis çap məhsullarını da yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Şirin xanımın növbəti çıxışı ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitənin konfransında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda olacaq.
Bununla yanaşı, Ş.Məlikova INTERCOM və CIMAM-ın birgə sessiyasına qatılaraq, bir sıra ölkələrdən olan mütəxəssislərlə muzey idarəetməsi sahəsində mövcud vəziyyət və problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı avqustun 28-də öz işini yekunlaşdıracaq.
Qeyd edək ki, 1948-ci ildən etibarən hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün toplayır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.