Hötenin və Vaqif Mustafayevin doğulduğu 28 avqust günü

 

Düzgün qidalanma günüdür. Məsləhət budur ki, ciddi pəhrizə keçmək mənasızdır, nə yediyinizin fərqinə varın, vəssalam. Kəpənək-qalstuk günüdür, bir qarderobunuza baxın, isti yay günü olsa da, kəpənək-qalstuk taxmağın yeri var. Şərqi Pravoslav kilsəsi Müqəddəs Makedoniya, Serbiya və Gürcüstanda Ana gününü keçirəcək. Qayğıkeş meksikalılar babalar və nənələr gününü qeyd edəcəklər. Yarasalar gecəsidir. İstəyir, yarasaların hüquqlarının beynəlxalq müdafiəsi cəmiyyəti məni qanıma qəltan eləsin, amma deyəcəyəm. Bu canlılardan iyrənirəm, adları belə gələndə ətim ürpəşir. Səlahiyyətimdən istifadə eləyərək sizə də tövsiyyə edirəm ki, Yarasalar gecəsini iqnor edin. Hər şey o yana, hətta koronavirus məsələsində də bu əcaiblərin adları keçdi. Hələ bir Şimali Koreyaya baxın. Gənclər gününü qeyd edirlər. Dünyanın diktatura cəhətdən ən bəxtigətirməyən iki ölkəsindən birinin (digəri də türkmənlərdir) gəncləri görəsən nəyi və necə bayram edəcəklər? Odey, ABŞ. Yenə iki bayramı birdən keçirir. Albalılı piroq və qırmızı şərab gününü. İstəyənlər piroqu ayrı yeyib şərabı ayrı içər, istəyənlər bir yerdə.

 

28 avqustun özgə hansı özəllikləri var? 2017-ci ildə alimlər molekulların ən soyuq temperatur rekordunu fiksə ediblər. Bu, mütləq sıfır dərəcədən 50 milyon dəfə aşağı temperaturdur. Mütləq sıfır isə 273,15 dərəcə Selsi temperatur hesab olunur. Fikirləşəndə adamın canına üşütmə düşür lap. 1996-cı ildə 15 illik evlilik həyatı sürmüş Şahzadə Diana ilə prins Çarlzı London məhkəməsi rəsmən boşayıb. 1990-cı ildə İrak Küveyti işğal edib özünün 19-cu əyaləti elan edib. “Toyota”sı olanlar, bu gün sizin bayramdır, Yaponiyada “Toyota” kompaniyası 1937-ci ilin bu günündə yaradılıb. 1797-ci ildə Aralıq dənizində pirat hücumlarına məruz qalmamaq üçün ABŞ Tunisə xərac verməli olub. Sən demə, o dövrlərdə Tunis piratçılığın başında dayanırmış. Necə ki, indi də Somali dayannır.

 

Bakı küçələrində bahalı Rols Roys avtomobilləri az deyil. 1877-ci ilin bu günündə bu kompaniyanın yaradıcısı Çarlz Stüart Rolls doğulub, 1863-cü ilin bu günüdə ossilloqrafı kəşf etmiş fransız alımı Andre Blondel. Ossilloqraf – elektrik siqnallarının amplidudlarını ölçən cihazdır, ilk baxışda onun mədəniyyətə bir aidiyyatı yoxdur, amma fotoaparatların, ekran monitorlarının hazırlanmasında bu cihazın rolu hədsiz olub, foto və kino isə mədəniyyət sahələridir. 1749- cu ildə isə böyük alman yazıçısı və mütəfəkkiri İohann Volfqanq Höte dünyaya gəlib.

 

Ayrıca olaraq onu da deyək ki, bu gün tanınmış Azərbaycan rejissoru Vaqif Mustafayevin də doğum günüdür. 68 yaşını qeyd edəcək rejissor Azərbaycan kino tarixinə adını Tütək səsi (1975), Bəyin oğurlanması (1985),  Yaramaz (1988), Nakəs (film, 1991), Fəryad (1993),Fransız (1995),Hər şey yaxşılığa doğru (1997) kimi ölməz filmlərlə yazdırmışdır.

 

1971-ci ilin bu günündə isə ecazkar səsə malik müğənni Rübabə Muradova vəfat etmişdir. Allah rəhmət eləsin!

 

 

 

Varisin “21-31 avqustun təqvimi” yazısından seçmələr

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.