Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin 2021-ci il üzrə qaliblərindən biri olan Fərrux Əliyev ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə hər iki tərəf arasında müsabiqənin mentorluq proqamına dair fikir mübadiləsi aparılıb, bu günə qədər həyata keçirilən görüşlərin müsabiqə qaliblərinin inkişafına verdiyi töhfədən danışılıb, proqram çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr müzakirə olunub.
“Yüksəliş” müsabiqəsi barədə oxucularımızı bilgiləndirək. Müsabiqə Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Görüşdə nazir və qalib həmçinin Nazirliyin innovasiya strategiyasının formalaşdırılması üzərində aparılan işləri də müzakirə ediblər. Qeyd olunub ki, bu strategiyanın əsas məqsədi Nazirliyi bir struktur kimi daha innovativ etmək, Nazirlik əməkdaşlarının iş mühitinə yeniliklər gətirməkdir.
Eyni zamanda, görüşdə dövlət qurumlarında işlərin xüsusiyyətləri, proseslər, üstünlük və çətinlikləri, özəl sektordan fərqli olan cəhətləri müzakirə olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində yaradıcı sənayelərin inkişafı istiqamətində bundan sonra görüləcək işlər də müzakirə olunub.
Sonda hər iki tərəf mentorluq proqramının bitməsinə baxmayaraq əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.