Bu günün cəmi-cümlətanı bir neçə qeyd ediləsi çaları var. Onlardan ən başlıcası, bu günün Məcburi Öpüş Günü olmasıdır. Bu gün mübarizəni, küsülülüyü, düşmənçiliyi bitirmək günüdür demək. Gedib zorla “əks cəbhədə dayanan”, yəni küsülü, incik olduğun adamı öpürsən, o da səninlə barışır. Barışmamağa ixtiyarı yoxdur. Bayramı pozsa cərimələnər.
Bu gün Braziliyada əsgərlər günü, Koreyada Sunqun günüdür (1960-cı ilin bu günündə Kim Çen İr Sunqunda hakimiyyətə gəlib). Belarus öz müstəqilliyini bayram edir. ABŞ-da, yəni deyirsiniz, bu əlamətdar hadisəylə qıt olan gündə səssizlik qorunacaq? Əsla. Bu günü amerikalılar Banan spliti günü kimi qeyd edirlər. Bu, desertdir, bananı kəsib içinə sirop doldururlar.
1941-ci ilin 25 avqustunda sovet qoşunları ingilis qoşunları ilə birgə İranı ələ keçiriblər. Tarixin həmin dönəmində Seyid Pişəvəri hərəkatı, Azərbaycanın birləşdirilməsi məsələsi gündəmə gəlib. İkiyə bölünmüş vətənimiz tarixin keşməkeşli dövründə birləşmək şansı əldə edib. Əfsus ki, sonda imperialistlər öz maraqları naminə Azərbaycanı xöşbəxtlikdən məhrum ediblər.
1609-cu ildə Qalileo Qaliley ilk teleskopu nümayiş etdirib. 1970-ci ildə alman top modeli və aktrisası Klaudiya Şiffer, 1930-cu ildə şotland aktyoru və prodüsseri Şon Konneri, 1912-ci ildə ADR rəhbəri Erik Honneker (həmin o Brejnevlə atəşin öpüşən şəxs), 1724-cü ildə “Atın anatomiyası” əsərini yazmış britaniyalı rəssam, animator, yazar Corc Stabbs, 1530-cu ildə isə Moskva knyazı İvan Qroznıy bu gün doğulanlardandır. Bu gün vəfat edənlərdən, deyim kimin adını çəkəcəyəm? İki zirvənin. Bunlardan biri 1900-cü ildə dünyadan köçən dünyaşöhrətli alman filosofu Fridrix Nitşe, digəri 1776-ci ildə gözlərini əbədi yuman şotland filosofu və tarixçisi Devid Yumdur.
Və mütləq Nitşedən bir sitat gətirməliyəm. Görün dahi alman nə deyib: “Mən heç də bu gerçək və fani dünyanın təzadlarını dilə gətirmirəm: Bizim bu dünyada yalnız bir dünyamız var: yalançı, amansız, keşməkeşli, işvəkar, mənasız bir dünya. Belə qurulmuş bir dünya bizim gerçək dünyamızdır. Yalan olmadan bu reallıq, bu "həqiqət" üzərində qələbə çalmaq qeyri-mümkündür.”.
Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər