Son bir neçə ildə Azərbaycan kitabxana-informasiya məkanında bir sıra yeniliklərə imza atmış Respublika Gənclər Kitabxanası yeni elmi-praktiki jurnal - “Kitabxana və informasiya elmləri” Jurnalını təsis edib və onun ilk nömrəsi bu günlərdə işıq üzü görüb. Bu barədə AzərTAC məlumat verir.
Kitabxanadan informasiya agentliyinə bildirilib ki, jurnalın redaksiya heyəti və xüsusi qiymətləndirmə (ekspert) komissiyası, kitabxana və informasiya elmləri üzrə aktiv elmi tədqiqatlar aparan Azərbaycan və xarici ölkə alimlərindən təşkil edilib. “Kitabxana və informasiya elmləri” jurnalı – kitabxana və informasiya mütəxəssisləri, bu sahədə tədqiqat aparan alimlər və təhsil alan magistrant və doktorantlar üçün nəzərdə tutulmuş, resenziyalaşan beynəlxalq nəşrdir. Jurnalda kitabxana və informasiya elmləri üzrə aktual problemlərin həllinə yönəlmiş elmi-tədqiqat işlərinin və yeni innovativ təcrübələrin nəticələri çap ediləcəkdir.
Jurnalın birinci nömrəsində Azərbaycan və rus dillərində məqalələr çap edilib, onların tərtibatı və resenziyalaşması beynəlxalq nəşr standartının normalarına uyğun aparılıb. Respublika Gənclər Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyevin verdiyi məlumata görə, jurnal dünyanın nüfuzlu, tammətnli məlumat bazalarına daxil olunacaq, beynəlxalq istinad bazalarında indeksləşməsi təmin ediləcəkdir. “Kitabxana və informasiya elmləri” jurnalı bu sahədə ən keyfiyyətli tədqiqat işlərini dərc etməyi hədəfləyir.
Jurnalın baş redaktoru, fəlsəfə doktoru, dosent Azad Qurbanovun verdiyi məlumata görə, “Kitabxana və informasiya elmləri” jurnalında heç bir nəşr və informasiya vasitələrində əvvəllər nəşr olunmayan orijinal əsərlər dərc olunacaq. Təqdim olunan bütün məqalələr beynəlxalq müəllif etikasına və tərtibat qaydalarına uyğun olmalıdır. Jurnala qəbul ediləcək hər bir məqalə beynəlxalq normalara uyğun olaraq iki mütəxəssisin rəyinə göndəriləcək və hər bir məqalə “antiplaqiat” ekspertizası keçdikdən sonra jurnalda çap olunacaq. Bununla da jurnalın yüksək reytinqi təmin ediləcək və öz sahəsinin mötəbər elmi platforması olaraq fəaliyyət göstərəcək.