Bu gün həm də Beynəlxalq Qəribə Musiqi Günüdür

 

Bəstəkar Nazim Əliverdibəyovun 95 illiyi

 

Elə insanlar olub ki, vətən naminə böyük işlər görüblər, ancaq unudulublar. Eynən musiqimizin görkəmli xadimi Nazim Əliverdibəyov kimi. 1926-cı il avqust ayının 24-də Kislovodsk şəhərində anadan olan, ailəsi ilə Bakıya köçdükdən sonra ilk musiqi təhsilini Bakı Musiqi Texnikumunda, sonra onillik musiqi məktəbində alan Nazim bəy onillik musiqi məktəbinin buraxılış imtahanı zamanı özünün bəstələdiyi pyeslərindən birini ifa etməklə dərhal məşhurlaşmışdı. Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsilini davam etdirərək 1952-ci ildə professor Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirmiş, musiqinin müxtəlif janrlarına müraciət etmiş, uşaqlar üçün “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, “Muğan” xoreoqrafik lövhələrinin, iki balet süitasının, “Mingəçevir” simfonik poemasının, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” adlı musiqi lövhələrinin, Hüseyn Cavidin sözlərinə silsilə romansların, çoxlu sayda kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına yazılmış musiqilərin müəllifi kimi ad çıxarmışdır. Onun, xüsusilə “Bayatı Şiraz” muğamını akapella xor üçün işləməsi çox orijinaldır. Nazim Əliverdibəyov Ü. Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operalarının klavir və partiturasının yeni redaktəsini hazırlamışdır. Hazırda bu operalar onun redaktəsi ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulur. Onun  “Qəhrəmanlıq”- Simfonik orkestr üçün uvertüra (1951), Simfonik orkestr üçün Balet süitası (1956), Simfonik orkestr üçün “Rəqs suitası” (1978), violançel ansamblı və simfonik orkestr üçün “Skertso” (1978) və başqa əsərləri məşhurdur. Bununla belə, bu insan nə sağlığında, nə sonra heç bir fəxri ad, mükafat almayıb. Xüsusən indi yağışdan sonra göbələk kimi artan xalq və əməkdar artistlərimizi görüncə bu qədər xidmətlərin qiymətləndirilməməsi təəccüblü gəlir adama.

 

Nazim Ağalar oğlu Əliverdibəyov 1985-ci il fevral ayının 17-də Bakıda vəfat edib. Allah rəhmət eləsin.

 

 

 

Tanınmış maarifçı Məhəmməd Ağaoğlunun 125 illiyi

 

Görün sizə kimdən danışacam. 20-ci əsrdə Azərbaycan mühacir ziyalıları pleyadasında xüsusi yeri olan Məhəmməd Ağaoğlu 1896-cı il avqust ayının 24-də İrəvan quberniyasının İrəvan şəhərində, ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirərək elə həmin il Moskva unuversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. Orada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanışlıq onda tədqiqatçılığa maraq oyadıb, 1916- 1919-cu illərdə bu məqsədlə Türküstan, İran, İraq, Türkiyə və Suriyaya səyahət edib. Filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçən Məhəmməd bəy AXC yaranandan dərhal sonra mədəni quruculuq işlərində fəal çalışıb: İstiqlal muzeyi, Qədim abidələrin müdafiəsi Cəmiyyəti onun təşəbbüsü və köməyi ilə yaradılıb. 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi onun Türkiyəyə mühacirət etməsini şərtləndirib, o, İstanbul Universitetinə daxil olub. 1926-cı ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alan Məhəmməd bəy 1927-1928-ci illərdə İstanbulda Milli muzeyin islam incəsənəti bölməsinə müdirlik edib, elə həmin ildə “Türk və İslam əsərləri” muzeyinin direktoru vəzifəsinə təyin edilib. Sonra tale yelləri onu Amerikaya atıb. O, Detroyt İncəsənət İnstitutunda Yaxın Şərq mədəniyyəti və incəsənəti şöbəsini təşkil eləyib, müsəlman Şərq xalqlarının dekorativ sənət nümunələrindən ibarət Detroyt “İslam incəsənəti qalereyası”nı yaradıb. O, Miçiqan Universitetində müəllim, professor olub. 1933-1938-ci illərdə burada İslam incəsənəti tarixi kafedrasını yaradıb. 1934-cü ildə Firdovsinin anadan olmasının 1000 illiyi münasibətilə Tehranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçiqan Universitetini məhz o təmsil edib. Geniş erudisiyalı şərqşünas alim kimi tanınan Məhəmməd Ağaoğlu ana dilindən başqa ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilirmiş. Doqquz dil bilmək sizə zarafat gəlməsin. Onu mədəniyyət mərkəzlərinə mühazirə oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət edirmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təbliğ etməsi ona dünya şərqşünaslığı salnaməsində ölməz mövqe qazandırıbmış.  Məhəmməd bəy həm də “Art islamika” (“İslam incəsənəti”) adlı jurnalın naşiri və redaktoru olmuşdur. Onun “Səfəvi xalçaları və parçaları”, “İslam incəsənəti haqqında qeydlər” və s. kitabları, eləcə də Azərbaycan, Türkiyə, İran, Ərəb Şərqi və Türküstan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair külli miqdarda elmi məqalələri Amerika və Avropada dərc edilmiş, rəğbətlə qarşılanmışdır.

 

Ziyası bütün şərqi bürüyən böyük azərbaycanlı - Məhəmməd Ağaoğlu 1949-cu il iyun ayının 4-də Amerikanın Detroyt şəhərində vəfat etmişdir. Azərbaycanı dünyaya tanıdan, amma Azərbaycanda əsla tanınmayan Məhəmməd bəyə Allahdan rəhmət diləyir, bizlərə də xalq olaraq bu unutqanlıqdan qurtulmağı arzu edirəm.

 

 

 

Ukraynanın müstəqilliyi günü

 

Bizə dost və qardaş olan, bizim Qarabağ probleminə rəğmən analoji Krım, Donbass, Luqansk problemi olan Ukraynanın müstəqillik günüdür, dostlarımızı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik, “müstəqilliyiniz daimi və əbədi olsun” deyirik.

 

Ukraynanın dövlətçilik tarixi 9-cu əsrdən – Kiyev dövlətinin qurulmasından hesablanır. Sonradan bu dövlət süqut edib, xırda knyazlıqlara parçalanıb, bir də 17-ci əsrdə Ukraynada növbəti güclü dövlət qurulub, Kazak-Getman dövləti adında. 18-ci əsrin sonundan Rusiya işğalına məruz qalaraq Ukrayna Rusiya İmperiyasının tabeçiliyində olub, 1917-ci ildə bolşevik inqilabı zamanı rusların başları özlərinə qarışanda ukrainlər də bizim kimi fürsətdən yararlanıb müstəqil dövlət qurublar, amma 1920-ci ildə Rusiya bu dəfə Sovet İttifaqı adı altında Ukraynanı ilhaq edib. Bir də 1991-ci ildə - avqustun 24-də Qorbaçovun dağıtdığı SSRİ-nin uçqunları altından müstəqil Ukrayna da çıxıb.

 

Biz inanırıq ki, tarix hər şeyi öz yerinə qoyacaq, necə ki, bizim Dağlıq Qarabağımız, gürcülərin Abxaziyası, Cənubi Osetiyası, moldovanların Pridnestrovyesi, eləcə də ukrainlərin Krımı, Donbası, Luqanskı azad olacaq, öz qanuni sahiblərinə qayıdacaq.

 

 

 

Kartof çipsləri günü

 

Uşaqların və pivəsevərlərin böyük bayramı. 1853-cü ilin bugünündə ilk kartof çipsləri hazırlanıb. Təsadüfən yaranan bu ərzaq bu gün dünyada ən çox tələb olunan qəlyanaltı hesab edilir. Nyu-York yaxınlığındakı Saratoqa-Sprints kurortunda şef-aşbaz Corc Krum o dövrdə ABŞ-ın ən varlı adamlarından biri olan Kornelus Vanderbiltin “Bu nə qalın doğranmış kartofdur, mənə verirsən? Mənə kartofu nazik qızardıb ver” şikayətinin müqabilində kartofu o qədər nazik kəsib qızardıb ki. Süfrəyə ilk çips plastinkalarını qoyanda aşbaz dəmiryolu maqnatını nazik kartof istəyinə görə sadəcə utandırmaq istəyib, amma əksi olub, maqnat “bəh-bəh” deyərək çipsi ləzzətlə yeyib. O gündən bu günə çips istehsalı dünyanı bürüyüb. Ən tanınmış çips brendi bu gün bizim marketləri də bəzəyən Pringles, Lays brendləridir. Əlbəttə, bizim yerli sənaye də çips istehsalına əl atıb, hər nədir, onlar da çips istehsal edirlər.

 

Kartof çipsləri barədə, onun ziyanı barədə də nəsə deməyimi istəyirsiniz, məndən “həm cibə, həm mədəyə ziyandır” kəlmələrini qoparıb uşaqlarınıza çips almamaq üçün bəhanə gəzirsiniz, amma mən bu gün bunu edə bilməyəcəyəm. Kişinin bayramıdır, mərdimazarçılığımız elə bu günə qalıb?

 

 

 

Beynəlxalq qəribə musiqi günü

 

Nyu-York musiqiçisi Patrik Qrant tərəfindən təsis olunan bu gününü məğzi insanları indiyədək dinləmədikləri, yaxud dinləyib dəyər vermədikləri musiqiləri dinləyib qiymətləndirməyə çağırmaqdır. Məsələn, bizim Azərbaycanda necə etmək olar? Bəzi rayon camaatı aşıq musiqisinə alüdədir, meyxana dinləmir, bu musiqini “düşüklük” adlandırır, bəzi abşeronlularsa əksinə, meyxananı sevir, aşıq musiqisinə “çuşkalıq” deyə şəbədə qoşur. Təklif edirəm, bir gün bunlar zövqlərində dəyişiklik edib əks cəbhənin bəyəndiyini dinləsinlər. Bu qədər bəsit. Daha qlobal anlamda isə, gəlin, xaricilərə muğam yollayaq, xalq mahnılarımızı yollayaq, qoy ləzzət alsınlar, özümüzsə kəntri, xard-rok, blüz dinləyək. Kiminçünsə adi olan kiminçünsə qəribə səslənir, amma qəribəliyin özü yeni təəssürat deməkdir.

 

 

 

NATO-nun və Ərəfatın doğuluşu, Plutonunsa ölümü

 

Bu gün Vezuvi günüdür, eramızın 79-cu ilində bu İtaliya vulkanı ən dağıdıcı şəkildə püskürüb. Plutonun statusunun kiçildilməsi günüdür bu gün həm də (Allah, sən özün saxla). Uruqvayda qeyd edilən günə baxın, Nostalgiya gecəsi. Əlbəttə ki, ABŞ-da üstü ərikli piroq günüdür. (Beləsini indiyədək bişirməyən xanımlarımız bişirə bilərlər). 1995-ci ilin bu günündə Windovs 95 istismara buraxılıb. 1968-də Fransa ilk dəfə nüvə silahını sınaqdan keçirib. 1949-da NATO yaranıb. 1572-də Varfolomey gecəsi baş verib (Fransa Krallığında qutenotlar qətliama məruz qalıblar). 1929-da Yasir Ərəfat doğulub, qoy onu da deyim.

 

Plutonun statusu niyə kiçildilib, onu demədim axı, 2006-cı ilin bu günündə yazıq Plutonu daha Günəş sistemi planeti yox, cırtdan planetlərdən biri saymağa başlayıblar

 

 

 

Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.